“Dəbdəbəli süfrə açır, deyir ki, ay camaat, görün nələrim var...“  - Hacı Surxay
04 May 2021 13:54
894

“Dəbdəbəli süfrə açır, deyir ki, ay camaat, görün nələrim var...“ - Hacı Surxay

“Əgər bir insan iftar süfrəsini bu və ya digər şəkildə özünü nümayiş etdirmək üçün, “baxın, görün, süfrəyə nə qədər zənginliklər, nemətlər düzmüşəm” mesajını vermək üçün edirsə, bu yolverilməzdir.”.

Bu sözləri Yenisabah.az-a "İçərişəhər" Cümə məscidi dini icmasının və eyni adlı məscidin axundu Hacı Surxay Məmmədli deyib.

Ramazan ayında açılan iftar süfrələri ilə bağlı fikirlərini bölüşən ilahiyyatçı qeyd edib ki, iftar süfrələri nə qədər  dəbdəbəli olarsa, insanın mənəvi inkişafının qarşısını alar:

“Hər bir işin müəyyən həddi var. Qurani-Kərimdə də buyurulur ki, elə həddlər var ki, onları aşmaq olmaz. Allah da insanlar üçün bir hədd qoyub. Ümumiyyətlə, iftar süfrələri ehtiyacı olanların ehtiyaclarını qarşılamaq üçün verilən gizli və ya aşkar nəfəqədir, yardımlaşmadır. Bu da Allaha görə olmalıdır. Əməllər niyətə bağlıdır. Əgər bir insan iftar süfrəsini bu və ya digər şəkildə özünü nümayiş etdirmək üçün, “baxın, görün, süfrəyə nə qədər zənginliklər, nemətlər düzmüşəm” mesajını vermək üçün edirsə, bu yolverilməzdir. Çünki İmam Əli bir yaxşılığı edəndə onu gizli edərdi. Onun bir sözü var: Özü tox olub, qonşusu ac olan məndən deyil. Hər zaman insan bu şüarı bilməlidir. Düşünməlidir ki, mənim süfrəmə düzdüyüm nemətlərə qonşumda kiminsə ehtiyacı varmı? Digər insanların hansı durumda olduğunu anlamaq lazımdır”.

İlahiyyatçının sözlərinə görə, iftar süfrələri elə açılmalıdır ki, orada sosial təbəqələşmə aparılmasın:

 “İftar süfrəsini dəbdəbəli şəkildə açmaq, ay camaat, gəlin görün nələrim var demək fikrimcə, qəbulolunmazdır. İnsanlar hər bir şeyin sadəsinə getməlidir, o zaman onların ibadətləri də, əməlləri də Allah yanında qəbul olunur. Təkəbbüranə edilən əməllər yolverilməzdir, bu zaman açdıqları süfrənin faydasını yeyənlər görəcək, amma Allah yanında bu savab əməl kimi qəbul edilməz. İftar süfrələri açan zaman çox diqqətli olmaq lazımdır. Ümumiyyətlə, varlı və kasıbı bir araya gətirmək lazımdır ki, insanlar bir-birlərinə münasibətləri tənzimləməlidirlər. Ramazan ayı varlı, kasıb bərabərliyi ayıdır, bu ayda sosial bərabərsizlik hiss olunmamalıdır. İftar süfrələrinə həm varlı, həm kasıbı dəvət edən edən zaman insanlarda rahatlıq əmələ gələcək.  Mən bu cür süfrələrə yalnız kasıbları, yaxud varlıları  bir araya yığmağın əleyhinəyəm”.

Əsmətxanım 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər