Banklardan kredit ala bilməyən, təcili pula ehtiyacı olan vətəndaşların bir qismi çıxış yolunu sələmə pul götürməkdə görür. Bəzən insanlar yüksək faizlə borc götürərək qısa müddətdə böyük məbləğ əldə etsələr də, sonradan həmin borcu qaytarmaqda çətinlik çəkirlər. Cəmiyyətdə geniş yayılan bu praktika isə İslam dinində birmənalı qarşılanmır.
Bəs maddi çətinlik içində olan, banklardan kredit ala bilməyən şəxsin sələmə müraciət etməsi dini baxımdan necə qiymətləndirilir?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, İslam dinində həm sələmə pul vermək, həm də sələmə pul götürmək qəti şəkildə qadağandır: İnternetdən sifariş
“Müqəddəs Qurani-Kərim sələmə pul verməyi və sələmə pul götürməyi birmənalı şəkildə qadağan edir. Konkret olaraq, Qurani-Kərimin Ali-İmran surəsinin 130-cu ayəsinə nəzər saldıqda Allah-Təalanın bu əməli necə qadağan etdiyi aydın görünür. Sələm çox böyük günahdır və müsəlman olan insan bu əmələ yol verməməlidir. Əgər bir insana borc pul verilirsə, yalnız verilən məbləğ geri tələb oluna bilər. Yəni şəxs nə qədər borc veribsə, yalnız həmin məbləği geri ala bilər”.

Onun sözlərinə görə, insan çətin vəziyyətə düşsə belə, sələmə pul götürməməli, kömək üçün başqa insanlara üz tutmalıdır:
“İnsan ehtiyac və çətinlik içində olsa belə, heç bir halda sələmə müraciət etməməlidir. Hər iki tərəf – həm borc verən, həm də borc alan bu əməldən çəkinməlidir. Çünki Allahın qadağan etdiyi bir əməli heç bir formada həyata keçirmək olmaz. İnsan bu cür vəziyyətlə qarşılaşdıqda başqa çıxış yolları axtarmalı, Allahdan rəhmət diləməli və kömək üçün insanlara müraciət etməlidir. Şükürlər olsun ki, mərhəmətli insanların sayı tükənməyib. Birindən kömək ala bilməsə, başqasına müraciət edə bilər. Nəticədə, mütləq ona müəyyən formada dəstək olacaq bir insan tapılar”.
QMİ rəsmisi əlavə edib ki, sələmə pul götürənlərin heç də hamısı bunu ehtiyac üzündən etmir:
“Təcrübəmizdə görmüşük ki, sələmə müraciət edənlərin heç də hamısı çıxılmaz vəziyyətdə olan insanlar deyil. Bəziləri müxtəlif məqsədlərlə, xüsusilə də ticarət fəaliyyəti və daha çox varlanmaq niyyəti ilə bu yola əl atırlar. Təəssüf ki, belə addımların sonu çox vaxt faciə ilə nəticələnir. Hədislərdə də sələm verən və sələm alan şəxslərin günah qazandığı bildirilir. Hətta başqa bir hədisdə sələmçilik Allahla müharibə etmək kimi qiymətləndirilir. Yəni insan bu əməli etməklə sanki Yaradanına qarşı çıxmış olur. Bu barədə hədislərdə daha sərt xəbərdarlıqlar da yer alır.
Ona görə də insanlar heç bir vəchlə sələm verməyə və ya sələm almağa meyil etməməlidirlər. Bu əməl birmənalı şəkildə haramdır və böyük günahdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız