16 Avqust - 04:37
“Bir şərt var: Mütləq Bakıya qayıtsınlar” -  Xalq yazıçısından ETİRAZ

“Bir şərt var: Mütləq Bakıya qayıtsınlar” - Xalq yazıçısından ETİRAZ

Digər

24 İyun 2022 11:56 3354


Hazırda on minlərlə gənc Azərbaycandan kənarda təhsil alır. Təkcə Türkiyədə təhsil alan tələbələrin sayı 20 mindən çoxdur. Rusiyada, Ukraynada, Gürcüstanda, o cümlədən Avropa ölkələrində minlərlə azərbaycanlı tələbə var. Əsas məsələ onların sayı yox, əksər xarici universitet məzunlarının təhsili başa vurduqdan sonra Vətənə qayıtmaq istəməməsidir.

Yenisabah.az-a danışan Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə mövzuya belə şərh verib:

“Gənclərimizin xaricə gedib orada təhsil alması müsbət haldır. Lakin o şərtlə ki, xaricdə təhsil alıb mütləq Bakıya qayıtsınlar. Əsas məsələ budur. Amma xaricdə təhsili bitirib sonra “Brüssel daha çox xoşuma gəlir”, “London Bakıdan daha gözəldir” demə, bəhanədir.

Bu, əslində, çoxşaxəli bir mövzudur. Əsas məsələ vətənpərvirlikdirsə, buna məktəbdən başlamaq lazımdır. Yəni gənclər başa düşsün və anlasın ki, harada olur-olsun, yenə də əsas vətəndir. Misal üçün, ola bilər ki, Bakıdakı təhsil xoşuna gəlmir, ali məktəb zəifdir, bəyənmir və öz potensialını anlayır ki, Londonda, Nyu-Yorkda, Parisdə potensialını daha yaxşı xərcləyə və orada bilik ala bilər. Əlbəttə, əgər istəyirsə, getsin, çünki ağıllı insanın buna heç bir mənfi münasibəti də ola bilməz, amma gedəndən sonra da qayıtsın. Əsas məsələ də budur”.

N. Rəsulzadə əlavə edib:

“Mən şablonla, şüarlarla danışmaq istəməzdim, amma gənclik doğrudan da gələcəyimizdir. Bu gəncliyin ən savadlısı, düşüncəlisi və zəkalısı gedib orada qalsa, onda bəli, burada böyük bir boşluq əmələ gələcək. Odur ki, gənclər üçün şərait yaradılmalıdır. Onlar xaricdə topladığı biliyi Azərbaycanda xərcləməlidir”.

Xalq yazıçısı vurğulayıb ki, mövzu Milli Məclisdə müzakirə olunmalıdır:

“Bizim gözəl Milli Məclisimiz var. Deputatların maaşları da artılırdı. Deməli, onlar daha çox işləməlidir. Qoy, işləsinlər, fikirləşsinlər ki, necə şərait yaradaq, nə edək ki, gənclər Parisdə darıxsınlar, 5 il təhsil alandan sonra Bakıya qayıtsınlar. Düşünsünlər ki, Azərbaycan daha yaxşıdır, vətənimdə filan yerdə işləyə bilərəm, Azərbaycana xeyir gətirə bilərəm”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!