Demokratik Konqo Respublikasında sürətlə yayılan Ebola epidemiyasında ölənlərin sayı 2 mini keçib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, son məlumatlara görə, ölkədə təsdiqlənmiş Ebola xəstələrinin sayı 4 381-ə, virusdan ölənlərin sayı isə 2 011-ə çatıb. Bununla da epidemiya Ebola tarixində ən sürətlə yayılan epidemiyalardan birinə çevrilib.
Ölkədə may ayında rəsmi olaraq elan edilən epidemiya xüsusilə şərq bölgələrində geniş yayılır. Virusa yoluxma hallarının beş əyalətə yayıldığı bildirilir. Dördpendirli pizza
Məlumatlara görə, ölüm nisbəti 45,9 faiz təşkil edir.
İyulun əvvəlində ölkədə 1 561 təsdiqlənmiş yoluxma və 506 ölüm qeydə alınmışdı. İyulun 22-də yoluxma sayı 2 473-ə, ölənlərin sayı isə 999-a yüksəlib. İyulun 25-də isə bu rəqəmlər müvafiq olaraq 3 075 və 1 354 olub.
Epidemiyaya Ebola virusunun daha nadir rast gəlinən “Bundibugyo” növünün səbəb olduğu bildirilir. Yeni elmi araşdırmaya görə, hazırkı virus daha əvvəl qeydə alınmayan Bundibugyo variantıdır.
Genetik araşdırmalar epidemiyanın əvvəlki insan yoluxmalarından deyil, heyvandan insana yeni yoluxma nəticəsində başlamış ola biləcəyinə işarə edir.
Bu növlə mübarizədə əsas problemlərdən biri isə Bundibugyo virusuna qarşı hazırda təsdiqlənmiş vaksinin və sübut edilmiş xüsusi müalicənin olmamasıdır.
Rəsmilərin sözlərinə görə, epidemiyanın ilkin mərhələsində Ebola hallarının malyariya və tif kimi xəstəliklərlə qarışdırılması virusun cəmiyyət arasında müəyyən müddət aşkarlanmadan yayılmasına şərait yaradıb.
Qeyd edək ki, Konqodakı hazırkı epidemiya ölkənin tarixində 17-ci Ebola epidemiyası kimi qeydə alınıb. Ebola virusu ilk dəfə 1976-cı ildə indiki Demokratik Konqo Respublikasının ərazisində aşkarlanıb.
Aydan Hacı
Telegram kanalımız