“Əbülfəs Qarayevə dedim ki, bir bax vücuduma, məndə gələcək görünürmü”
19 Yan 2021 07:27
610

“Əbülfəs Qarayevə dedim ki, bir bax vücuduma, məndə gələcək görünürmü”

“Yeni Sabah” məşhur gitara ifaçısı Rəhman Məmmədlinin Moderator.az-a müsahibəsini təqdim edir: 

- Rəhman müəllim, bütün bu çətinliklərin içində düşmən üzərində qələbə qazanmağımız sizi nə qədər təsirləndirdi?

- Təbii ki, bir Azərbaycan vətəndaşı, ölkəsini, dövlətini sevən musiqiçi kimi çox sevinirəm. Mənim fikrimcə, qazandığımız qələbə bizə o çətinlikləri unutdurdu.

- Bəs doğulduğunuz Füzuli rayonun işğaldan azad edilmə xəbərini kimsə sizə deyəndə ona bir hədiyyə vermədinizmi?

- Ən böyük hədiyyəni cənab prezidentə borcluyam. Çünki yolda getdiyim yerdə ölkə başçısının çıxışında eşitdim ki, Füzuli işğaldan azad edildib. Onda maşını yolun kənarında saxlayıb sosial şəbəkədə canlı yayım etdim və təəssüratlarımı insanlarla bölüşdüm. Bir sözlə, hər şeyə görə ölkə başçısına borcluyuq. 

- Valideynləriniz yaşayırmı?

- Çox təəssüf hər ikisi Bakıda rəhmətə getdi. Elə ürəyimdə qalan ən böyük arzularımdan biri də bu oldu ki, onlar Füzulinin işğaldan azad edilməsini görmədilər. Mən onları aparıb o yerləri göstərə bilmədim. Füzuli həsrəti ilə dünyalarını dəyişdilər. Məzarlarını ziyarət edib onlara qələbə xəbərimizi çatdırdım. İndi qurban olduğum Allah onlara bunu necə çatdırır, onu bilmirəm. 

- Bəs 44 günlük müharibə dövründə cəbhəyə getmək və əsgərlərimizlə görüşmək imkanınız oldumu?

- Əslində qismən səfərbərlik olanda bizim rayonda bu işlə məşğul olan adamlarla əlaqə saxladım və məni də ordu sıralarına yazmalarını xahiş etdim. Hansı ki, bir ay yarımdan sonra altmış yaşım tamam olacaq. Onlar dedilər ki, sənətkar, bu sənə aid iş deyil, şükür Allaha ordumuz var. Amma əsgərlərimizə imkanım çatan qədər dəstək olmuşam və heç bunu istəməzdim deyəm. 

- Karantin dövrü daha çox musiqiçilər üçün çətin oldu. Çünki toylar olmadığı üçün qazana bilmədilər. Siz bu günləri necə keçirirsiniz?

- Çox çətindi. Bəzən görürsən ki, müsahibələrə yazılan şərhlərə baxanda görürəm ki, bizim cameəmizdə bir neçə imkanlı müğənnilərimiz var. Musiqiçilər alət ifaçılarıdır və onların elə böyük imkanları yoxdur. Millətimizin  əksəriyyəti bizim kimi sənətçiləri də o imkanlı müğənnilərin siyahısına saldılar və elə bildilər ki, biz də onlar kimi imkanlıyıq. Amma əslində bu belə deyil. 15-20 nəfəri çıxandan sonra qalan musiqiçilər günəmuzd işləyən fəhlələrə bərabərdir. Pandemiya onlara bu cür təsir etdi. Təbii ki, heç kim acından ölmür, amma çox böyük əziyyət çəkirsən. Hər kəsə 3-5 manat qazanmağa şərait yaradıldı, amma musiqiçilər işləyə bilmədi. Bizim qazanc yerimiz ancaq toydur. 

- Rəhman müəllim, deyirsiniz ki, altmış yaşım tamam olacaq. Heç maraqlanmısınızmı ki, sizə fəxri ad niyə vərməyiblər?

- Əslində bununla maraqlanmışam. Amma  adın iddiasında olan bəzi müğənnilərimiz kimi mən bunu qabartmıram. Kiməsə nə yalvarmıram, nə də xahiş etmirəm. Mən Azərbaycan musiqisini, xalq muğamlarını, aşıq havalarını Amerika Birləşmiş Ştatlarına qədər təbliğ etmişəmsə, onda fəxri ada görə kiməsə niyə yalvarmalıyam? Əlbəttə, ötən illər ərzində üç dəfə məktub yazmışam. Cavablarında bildiriblər ki, sizin müraciətinizə gələcəkdə baxacağıq. Hətta bu sözü keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşdə də dedim. Dedim ki, cənab nazir, bir baxın vücuduma, görkəmimə, mənim gələcəyim var ki? Məndə gələcək görünürmü? Hətta o, yanındakı adamlara dedi ki, “bu hələ fəxri ad almayıb, axı göstəriş vermişdim”. Əgər göstəriş verilmişdisə, niyə verilmədi? Amma son zamanlar görürəm ki, bizim sənət adamları bundan ötrü xahiş edirlər. Mən həyatı boyu xahiş etmərəm. Hətta Əbülfəs müəllimə də dedim ki, sonda verəcəyiniz bu fəxri ad mənim zərrə qədər nə dərdimə dərman deyil, nə də dövlətimi sevməkdə onun zərrə qədər rolu yoxdur. Sadəcə yaşıma uyğun olaraq bu olmalıdır. Efirə dəvət olunanda aparıcı bilmədən məni Xalq artisti kimi təqdim edir. Xain adam deyiləm, yaşca məndən kiçik olan adamlar fəxri adla, amma Rəhman gitara ifaçısı kimi təqdim olunur. Bütün bunlar isə qıcığıma səbəb olur.

- Sizcə fəxri adların verilməsində şəffaflıq qorunurmu? İddialar var ki, fəxri adları pulla satırlar...

- Burda adamı olanlar da, pul söhbətləri də var. Mənə yaraşmaz ki, kimlərinsə adını çəkim. Amma bunu siz məndən yaxşı bilirsiniz. O filankəs hansı xalqın artistidir? Mənə həmişə sual verirlər ki, niyə ad almamısan? Bu işə görə 10 manat pul xərcləmərəm. Olmaz. Onda mən onmanatlıq Xalq artisti olacam. Əgər layiqəmsə, versinlər. Əbülfəs müəllimə dedim ki, fəxri ad almaq üçün bütün kriteriyalara cavab verirəm. Bir övlad böyütmüşəm simfonik əsərlərinin səsi Amerikadan, Avropadan gəlir. Son 30-40 il ərzində yaranmış bəstəkarlardan biridir. O, Azərbaycanı xaricdə təmsil edir. Özüm dövlətimi bu qədər sevirəm. Bu ixtira, kəşf olmasa da, Azərbycanın üçrəngli bayrağını alətə çəkib sinədə saxlamaq məndən başlayıb. Onda bəs hansı kriteriyam çatışmır? Ancaq Azərbaycan musiqilərini ifa edirəm. Əsgərlərimiz qarşısında saysız-hesabsız konsertlərim olub. 

- Rəhman müəllim, bir də Füzuliyə qayıdaq. Füzuliylə bağlı hansı arzularınız var?

- Füzulinin azad edilməsi elə mənim arzum idi. Arzusuz insan elə bil qanadsız quşa bənzəyər. Füzulinin azad edilməsiylə mənim arzum da bitdi. Mən həmişə Ağdamı ruhlar şəhəri bilirdim. Amma o görüntülərdən sonra gördüm ki, düşmən Füzulini Ağdamdan da betər edib. O görüntülərdən sonra təfəkkürümdə dəyişiklik oldu. Xaraktercə qəddar adam deyiləm, amma bundan sonra qəddarlaşdım. İndi düşmən əlimə düşsə, onu öldürərəm. Bax bu cür xarakterimdə dəyişiklik edildi. Cəhd elədim rayonumuza gedib, amma dedilər ki, hələ ki, icazə yoxdur. Ona görə qanuna riayət edib gözləyirəm. Əlbəttə, o yerlərə gedəcəyimiz günü səbirsizliklə gözləyirəm. Bu gün, sabah can atıram ki, gedim. Elə bilirəm ki, ürəyim dayanar o yerləri görə bilmərəm. Bundan sonra arzumu əmələ çevirib gedib Füzulidə ata yurdumu işıqlandıracam. 

- Vətən müharibəsində yaxın qohumlarınızdan kimsə döyüşdə var idimi, əlaqə saxlayırdınızmı onlarla?

- Kənd uşaqlarımız döyüşürdü, onlarla əlaqə saxlayırdım. Şəhidlərimiz olduğu üçün onlar üçün gitara da ifa edə bilmədim. Doğrudan da ağıla gəlmirdi ki, 44 günə qələbəmiz təmin olunacaq. Bu dünyəvi bir iş oldu. Təbii ki, bütün bunlara görə Ali Baş Komandana və müzəffər ordumuza borcluyuq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bu gün indi də evdə xanımla hansısa itkin əsgərimizin şəhid xəbərini eşidəndə ağlamaqdan gözümüzdə su quruyub. Qələbəmiz onların hesabına oldu. Xalqımızın şəhidlərimizə borcunu sözlə ifadə etmək mümkün deyil. Hamısının ruhu qarşısında baş əyirəm. Qazilərimizə Allah şəfa versin.  Tanrı şəhid analarını qorusun. Onları bütün analardan uca sayıram”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər