“Əhali bundan xəbərsiz olub” -  Zərərdən gəlirə doğru keçid başlayır
14 Yan 2020 12:30
768

“Əhali bundan xəbərsiz olub” - Zərərdən gəlirə doğru keçid başlayır

2020-ci ilin əvvəlindən Azərbaycanda daşınmaz əmlakın icbari sığortası çərçivəsində yaşayış evlərinin kütləvi sığortası həyata keçirilir.

Bəs bu proses sığorta bazarının genişlənməsinə necə təsir edəcək? Bazarın bu il nə qədər genişlənə biləcəyi ilə bağlı proqnozlar varmı? 

Mövzu ilə bağlı sığorta üzrə ekspert Xəyal Məmmədxanlı ilə əlaqə saxlıadıq. “Yeni Sabah”a danışan X. Məmmədxanlı bu prosesin sığorta sahəsinə böyük töhvə verəcəyini deyib:

“Əgər normal bir şəkildə həyata keçirilsə, bazar kifayət qədər genişlənə bilər. Düzdür, baxmayaraq ki, Azərbaycanda sənədsiz tikililərin sayı olduqca çoxdur. Amma hətta normal mülkiyyət hüququ çıxarışı olan evlərin belə, normal şəkildə sığortaya cəlb olunsa, sığorta bazarında 100 milyon manata yaxın artım yarada bilər. 

Hazırda vəziyyət ondan ibarətdir ki, cərimələr 2011-ci ildən olmağına baxmayaraq, bu günə qədər sığortaya cəlb olunmayıblar. Nəzarət mexanizmi və cərimə mexanizmi işləmədiyinə görə, demək olar ki, əhali bu sığorta növündən xəbərsiz olublar, ya da riayət etməyiblər. Mən daha əvvəllər də bildirmişəm ki, bu qanun var, məcburidir, hər bir vətəndaş qanuna əməl etməlidir, evinizi sığortalayın, amma cərimə mexanizminin tətbiq olunması mümkün deyil. Ona görə də, cərimədən qorxmayın. Sığorta şirkətləri də məlumat göndərdi ki, sizi filan tarixdən cərimələyəcəklər - bunun heç bir hüquqi əsası yoxdur. Yenə də məlumat verildi ki, cərimə tətbiq edilməyəcək. Bu da insanları arxayınlaşdırdı - “Əşi, cərimə yoxdursa, o zaman sığortalamıram”. 

Lakin düşünsək ki, cərimə var, bütün əhali sığortaya cəlb edilir, belə olan halda bazarda 100 min manat artım müşaiət etmək mümkündür. Sənədiz tikililər məsələsi də öz həllini tapdıqdan sonra bu rəqəm böyüyəcək”. 

Sığorta şirkətləri bazara yeni məhsulları ilə girəcəklərmi? Sığortadakı bərpa istehsal sahəsindəki biznesin canlanmasına təsir göstərə biləcəkmi? Ekspert bu məsələyə də aydınlıq gətirib:

“Sığorta şirkətləri üçün bu olduqca vacibdir. Nəzərə alsaq ki, sığorta şirkətlərinin bir çox icbari sığorta ilə daha çox məşğuldurlar. Söhbət avtomobillərin icbari sığortasından gedir. Avtomobillərin icbari sığortasında vəziyyət çox acınacaqlıdır. Yəni, zərərlidir. Demək olar ki, şirkətlər həmin sığorta növündən xeyir götürmür. 

Bunun əksinə, daşınmaz əmlakın sığortası kifayət qədər gəlirli sığorta növlərindən biridir. Bu işlə məşğul olduqca onların vəziyyəti stabilləşəcək, zərərdən gəlirə doğru keçməyə başlayacaq. Ona görə, buradan normal pul yığsalar, biznes imkanı görsələr, vətəndaşlarla maarifləndirmə işi qursalar, bu sığorta növü özü ilə digər sığorta növünü könüllü surətdə mütləq gətirəcək. 

Məsələn, vətəndaşın qapısını döyürsünüz ki, evinizi sığortalamaq istəyirik, amma bu icbari sığorta yalnız evin özünə aid edilir. Vətndaş təbii olaraq, sual verəcək ki, bəs, mənim evimin içindəki əşyaları nə edək? Bu artıq  yeni bir sığorta növü deməkdir. 50 manatın üzərində əlavə deyək ki, 20-30 manat da alaraq, vətəndaşın evini sığortalaya bilərlər. Və yaxud onun başqa qonşulara vurduğu zərəri də sığortalaya bilərlər. Evlərə girsələr, vətəndaşlarla maarifləndirmə işi aparsalar, maraq artıra bilsələr, bu əlavə sığorta məhsullarının və yeni sığorta növlərinin də ortaya çıxmasına səbəb olacaq”.

Naibə Məmmədova

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər