Bir neçə gündür metropolitendə xətlərin ayrılması ilə əlaqədar istifadəyə veriləcək ekspress avtobusların ödənişli olub-olmaması müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən, iqtisadçı ekspert Natiq Cəfərli ekspress avtobusların ödənişli olmasının məntiqsiz olduğunu bildirib.
“Düşünürəm ki, burada ekspress avtobusların ödənişli olması məntiqsizdir, çünki çox qısa bir məsafə qət edəcəklər. O mənada məntiqsizdir ki, təmir olmasaydı, insan ödəniş edib metroya daxil olur və istədiyi istiqamətə gedir. Təmir işləri olduğu üçün də düşüb başqa nəqliyyat vasitəsindən istifadə etməyə məcbur olur. pizza hut
Bu nöqteyi-nəzərdən xəttə buraxılacaq avtobusların ödənişsiz olması məntiqlidir. Bu, belə də olmalıdır. Bir çox ölkələrdə də bunun örnəkləri var”, - deyə o bildirib.
N. Cəfərli avtobusların pulsuz olacağı təqdirdə sərnişinlərin hamısının həmin nəqliyyat vasitəsinə yönələcəyi ilə bağlı fikirlərə də münasibət bildirib:
“Estoniyada sərnişin avtobusları ödənişsizdir. Ona görə ki, insanlar ictimai nəqliyyatdan istifadə etsin və şəhərdə sıxlıq azalsın. Bu nöqteyi-nəzərdən məsələnin məntiqini anlamaq çətindir. Pulsuz və ya ucuz olarsa, insanlar ictimai nəqliyyata daha çox yönələcək.
Dövlətin, büdcənin buna gücü çatır. Buna imkan və fürsətlər də var. İllərdir təklif edirik ki, zamana bağlı biletlər olsun. Saatlıq, günlük, aylıq və s. Bu, dünyanın hər yerində var. Hər dəfə ucuzlaşmaq şərti ilə bu cür zamana bağlı bilet sistemləri olmalıdır. Bu biletlər də metro və avtobuslarda keçərli olmalıdır.
Azərbaycanda dünyanın başqa örnək şeylərini kənara atıb hansısa başqa örnəklərlə davranmağa çalışırlar”.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun metropolitendə xətlərin ayrılması layihəsi çərçivəsində ekspress avtobuslardan istifadə ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun “Pulsuz olarsa, hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq” fikri müxtəlif reaksiyalarla qarşılanıb.
Aydan Hacı
Telegram kanalımız