7 İyul - 02:00
Elməddin Cəfərov “TikTok”dakı məşhurlardan danışdı:  “Orda olmaq istəmirəm”

Elməddin Cəfərov “TikTok”dakı məşhurlardan danışdı: “Orda olmaq istəmirəm”

Şou

24 May 2022 17:18 986


Aktyor Elməddin Cəfərovun Yenisabah.az-a müsahibəsi:

- Bu gün bir çox sənət dostlarınız “TikTok”dadır. Siz nə üçün bu platformadan uzaqdasıznız?

- Mən heç bir sosial şəbəkədə yoxam. Nə “İnstagram”, nə “Facebook”, nə də “TikTok”da. “Whatsapp”ı güclə istifadə edirəm. Mənim marağım yoxdur.

- “TikTok”da olan məşhurlara münasibətiniz necədir?

-  Mən orada olanlara normal baxıram, amma şəxsən özüm istəmərəm orada olum, kimdənsə pul istəyim, jeton atmaq xahiş edim, “like” istəyim və s. Mən belə şeylər istəmirəm. Orada olan məşhurları da qınamıram, hər kəsin bir sevgisi, bir istəyi var. Mənə xoş olmayan bir şey onlara xoş gələ bilər, yaxud da əksi.

- Son vaxtlar aparıcılıq fəaliyyəti ilə də məşğulsunuz. Bu sahə sizi sənətdən uzaqlaşdırmır ki?

- Mən elə “qırğın” aparıcı-zad deyiləm, Əstəğfirullah. Mən tam olaraq aparıcılığa yönəlməmişəm. Sadəcə olaraq bu layihəni bütün dünyada aktyorlar aparır. Çünki bu layihə sırf aparıcılıq tələb etmir, burada zarafat da var. Proqram deyib-gülmək üzərindən aparılır. Burada sırf ciddi aparıcılıq deyə bir şey yoxdur. Bu layihəni Türkiyədə, Amerikada da aktyorlar təqdim edir, bizdə də mən. “Netflix”də də belə verilişləri məhz aktyorlar aparır. Mən aparıcılıq iddiasında deyiləm.

- Bəs başqa layihələrdə necə? Özünüzü sınamaq istəyirsiniz?

- Yalnız “Qısaqapanma” verilişinin aparıcısıyam. Başqa layihələrdə aparıcı olmağı düşünmürəm.

- Son illər səs-küy yaradan komediya filmlərini ekranlarda görmürük. Buna səbəb nədir?

- Sözün açığı, o dalğa dayandı. Pandemiya ilə bu dalğa da dayandı. Komediya filmləri çox vaxt sponsorların dəstəyi ilə çəkilirdi. Pandemiyada çox şirkət ziyan etdi, üstəlik kinoteatrların fəaliyyətinə icazə verilmədi, ona görə bu sahə öldü. İndi bu sahə sıfırdan dirilməlidir, buna da zaman lazımdır. Biz iki ilin zərərini çəkirik. Pandemiya başımıza problem oldu.

- Hazırda sizə bununla bağlı təkliflər gəlirmi?

- Təkliflər olur. Amma hər təklifə “hə” demək olmur. Bəzən maddiyyata, bəzən ssenariyə, bəzən də çəkiliş heyətinə görə qəbul edə bilmirsən. Təkliflərsə sözsüz ki olur, lakin edilən təklif məni maraqlandırmağı bacarmalıdır.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!