“Rusiyanın Ermənistanın cəbhə xəttində KTMT müşahidəçiləri və ya sülhməramlılarının yerləşdirilməsi təklifi və yeni hərbi-texniki əməkdaşlıq paketi diqqətəlayiq vəziyyət yaradıb”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə deputat Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, vəziyyətin qəribəliyi ondadır ki, tərəflərdən heç biri KTMT-nin hərbi-texniki dəstək proqramının nə olduğu barədə mötərizələr açmır.
Abramyan əmindir ki, KTMT müşahidəçilərinin və ya sülhməramlıların yerləşdirilməsi ilə bağlı Ermənistan hakimiyyətinə hansı təklifin irəli sürüldüyünü, onların mandatı, funksiyaları və mümkün yerləşdirilməsi ilə bağlı təfərrüatların olub-olmadığını anlamaq lazımdır.
“Əgər təklif olunan hərbi-texniki paket Ermənistan üçün həyati əhəmiyyət kəsb edən silah və texnikanı ehtiva edirsə və KTMT-nin mövcudluğu məhdudlaşdırıcı faktora çevrilə bilərsə, niyə bu, ən azı müzakirə predmeti deyil?” – deyə müxalifətçi deputat bildirib.
O, Rusiya Federasiyasının son günlər aktiv açıqlamalar verdiyini, Ermənistan hökumətinin isə qəribə şəkildə susduğunu vurğulayıb.
Xatırladaq ki, 2022-ci il noyabrın 23-də KTMT sammitində ER baş naziri Nikol Paşinyan “KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəni imzalamadığını bildirmişdi.
KTMT-nin sabiq baş katibi Stanislav Zas daha sonra bildirib ki, təşkilat Ermənistana kömək üçün həm siyasi-diplomatik, həm də hərbi tədbirlər, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyi təklif edib.
Yanvarın əvvəlində isə Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistan öz ərazisində KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin “Toxunulmaz Qardaşlıq-2023” təliminə ev sahibliyi etməkdən imtina edib.
Telegram kanalımız