“Ermənistan polisi hazırda Müdafiə Nazirliyinin keçmiş binasından təxminən on gün əvvəl çıxarılan vətəndaşların əmlakını pəncərələri ilə birlikdə çıxarır”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə binanın keçmiş sakini Hasmik Danielyan məlumat verib.
“Hasarın o biri tərəfindəyik, hansısa məmur bizə yaxınlaşıb dedi ki, hər şeyi çıxarıb aparacağıq. O dedi ki, gələcəkdə hər biriniz öz əmlakınızı necə ayıracaqsınız, artıq bu, sizin probleminizdir”, - deyib.
O, əlavə edib ki, hələlik onlara əmlaklarının hara aparıldığı barədə məlumat verilməyib.
Qeyd edək ki, polis sakinlərə əmlaklarını binadan çıxarmaq üçün 10 gün vaxt verib. Hasmik Danielyan bildirib ki, əmlakı götürməyə yerləri olmadığı üçün götürməyiblər.
Xatırladaq ki, fevralın 16-da Ermənistan polisinin onlarla əməkdaşı səhər tezdən Ermənistan Müdafiə Nazirliyinin keçmiş binasında məskunlaşan sakinləri çıxarmağa başlayıb.
2022-ci ilin mayında Ermənistan hökuməti Müdafiə Nazirliyinin keçmiş binasını Ermənistan Dövlət Gəlirləri Komitəsinin balansına verib. 2022-ci ilin sentyabrından tədricən binada ailələr peyda olub. Onlar, əsasən, sosial cəhətdən imkansız təbəqənin nümayəndələridir.
Sakinlərin sözlərinə görə, burada 150-200 ailə yaşayır. Bütün bu müddət ərzində mənzilin işıq pulunu ödəməyiblər, çünki binada su və qaz yoxdur.
Yanvarın 20-də kəsilən elektrik enerjisinin verilməsini tələb edən vətəndaşlar yanvarın 23-də İrəvan-Aştarak avtomobil yolunu bağlasalar da, heç bir ciddi nəticə əldə etməyiblər. Onlarla danışıq aparmağa gələn olmayıb və polislər yolu açmağa müvəffəq olub.
Telegram kanalımız