“Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinə başqa, daha təhlükəli və dərin köklü münaqişə qoşulub: Rusiya-Qərb münaqişəsi”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants deyib.
Onun fikrincə, yaxın gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün beynəlxalq təminatların və ya ilkin şərtlərin olacağını gözləmək sadəlövhlükdür:
“Bundan başqa, regionda Rusiya ilə əməkdaşlığa qarşı mübarizə edəcəklərini açıq şəkildə vurğulayan beynəlxalq aktorlar var. Deməli, sabitliyi pozan amillər yaranacaq, çünki yeni müharibə olmadan yeni status-kvo formalaşa bilməz”.
Surenyantsın sözlərinə görə, Gürcüstanda açıq şəkildə Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açacaq hökumət qurmağa çalışdıqlarını söyləyən siyasi qüvvələr var:
“İrakli Qaribaşvili qlobal münaqişədə neytrallığı qorumaq üçün əlindən gələni edir. O, bir tərəfdən, Ukraynaya qarşı edilənləri tənqid, digər tərəfdən, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalara qoşulmaqdan imtina edir. Güman etmək olar ki, Gürcüstanda da, təəssüf ki, geosiyasi kontekstdə hadisələr olacaq”.
Politoloqun fikrincə, Gürcüstanda 2008-ci ildə Qərbdən xoş vədlər, ümidverici sözlər eşitsələr də, məyus olublar. Ermənistan indi eyni şirin vədləri eşidir:
“Gürcüstanda Qərblə Rusiya Federasiyası arasında balansı saxlamağa çalışacaq hakimiyyətin olması Ermənistan üçün faydalıdır. Əks halda, Ermənistan mühüm kommunikasiyadan məhrum olacaq. Söhbət Larsdan gedir.
Belə bir gərgin vəziyyətdə regionda qüvvələr balansının necə olacağı böyük ölçüdə Ukrayna müharibəsinin gedişatından asılıdır və bunu proqnozlaşdırmaq mümkün deyil. İndi proqnoz vermək çətindir, amma elə bir hadisə baş verə bilər ki, vəziyyəti müəyyən qədər dəyişə və qüvvələr balansı baxımından həlledici rol oynaya bilər”.
Telegram kanalımız