“Erməni qadın otağa girib ləçər ədası ilə...“  - Flora Kərimova
26 Fev 2021 13:01
1033

“Erməni qadın otağa girib ləçər ədası ilə...“ - Flora Kərimova

“Mən o qədər erməni tanıyırdım ki, hamıdan yaxşı yaşayırdılar, qazanırdılar. O vaxt onlar bizimkilərlə də dostluq edirdilər, bir-birimizin evinə gedirdik, qonaq çağırırdıq”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Flora Kərimova deyib.

Sənətçi qeyd edib ki, həmin dövrdə azərbaycanlılarla erməniləri Sovet hökuməti dost etmişdi:

“Biz o vaxt onlarla dostluq edirdik, lakin ürəklərində nə olduğunu oxuya bilmirdik. O vaxt ermənilər bizim respublikada at oynada bilmirdilər. Düzdür, yaxşı işlərdə çalışırdılar, vəzifələri var idi. Mən o qədər erməni tanıyırdım ki, hamıdan yaxşı yaşayırdılar, qazanırdılar. Təəssüflər olsun ki,həmin vaxt biz 1918-ci ildə olan qırğını unudurduq. Bunda da Sovet təbliğatı çox böyük rol oynayırdı. Onlar bu  siyasəti çox ağıllı qurmuşdular, dostluq, qardaşlıq adı altında sənətçilər bir-birinin konsertlərinə, tədbirlərinə gedirdilər. Yaxşı yadımdadır, hətta bizim SSR-i Xalq artisti alan müğənnilərimiz burdan sifariş olunurdular, gedib Ermənistandakı konsertlərdə çıxış edirdilər. Dostluq deyə-deyə millətin boynuna qoyurdular ki, gedib orada oxumalısan. Yaxud da erməni sənətçilər Bakıya gəlirdilər, bizimkilər də boğazlarını cıra-cıra İrəvan-Bakı-dostluq haqqında mahnılar oxuyurdular. Bəziləri tarixi bilirdi, sadəcə səhnədə olmaq, dövlət konsertlərində çıxış etmək naminə bunu edirdi, bəziləri isə bilmirdi”.

F.Kərimova Sovet dövründə də ermənilərin olduğu konsert və tədbirlərdə iştirak etmədiyini vurğulayıb:

“Digər həmkarlarımdan fərqli olaraq, mən Sovet dövründə də ermənilər olan heç bir konsertdə iştirak etməmişəm. Bircə dəfə Rafiq Babayevin “Zaqafqaz estradasının festivalı”nda iştirak etmişəm. Mən orada “şillə vuran” bir müğənni kimi çıxış etmişəm. Bu sözümə görə millətim məni bağışlasın, amma mən həqiqətən “şillə vuran sənətçi” kimi festivalda birinci sırada idim. İrəvanda ermənilər də, biz də eyni səhnədə çıxış etdik. Allah Rafiq Babayevə rəhmət eləsin, həmin konserti elə bir səviyyədə təşkil etmişdi ki, Gürcüstan-Ermənistan-Azərbaycan arasında sanki qeyri-rəsmi bir yarış var idi. O yarışdan da biz üzüağ çıxdıq”.

Sözügedən festival haqqında xatirələrini bölüşən 80 yaşlı sənətçi İrəvanda başlarına gələn maraqlı hadisəni danışıb:

“Həmin festival olan vaxtda bir hadisə oldu, hər zaman xatırlayıram. Orada olanda otağa bir erməni qadın gəldi, dedi ki, biz qoymarıq ki, burada sizə nəsə olun. Biz həmin vaxt onun nə dediyini anlamadıq, amma demək ki, qazan artıq qaynamağa başlayıbmış. Soruşdum ki, ay xanım niyə belə deyirsiniz, amma heç nəyi açıb demədi. Dedi ki, mən Bakıda çalışmışam. Görünür, Azərbaycan haqqında yaxşı təəssüratı vardı deyə qorxmadan içəri girib ləçər ədası ilə bizə bunu dedi. Sonradan başa düşdük ki, orada təxribat törətmək istəyirlərmiş və bu məsələni götür-qoy edən ermənilər arasında həmin qadın da olub, buna görə bizi müdafiə edib”.

Əsmətxanım

“Erməni qadın otağa girib ləçər ədası ilə...“  - Flora Kərimova
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər