Mədəniyyət Nazirliyi mədəni və yaradıcı sənaye (MYS) sahəsində fəaliyyət göstərən hüquqi şəxslər (QHT-lər istisna olmaqla) üçün layihələrin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi elan edib.
“Yeni Sabah” xəbər verir ki, müsabiqənin əsas məqsədi mədəniyyət xidmətlərinin keyfiyyətini yüksəltmək, innovativ fəaliyyəti və elmi tədqiqatları stimullaşdırmaq, həmçinin sahə üzrə maarifləndirmə və infrastrukturun inkişafına töhfə verməkdir.
Müsabiqə çərçivəsində maliyyələşdirmə üç kateqoriya üzrə aparılır: kiçik qrantlar üçün 15 000 manatadək, orta qrantlar üçün 15 000 manatdan 50 000 manatadək, böyük qrantlar üçün isə 50 000 manatdan yuxarı vəsait nəzərdə tutulub. İnternetdən sifariş
Layihələr altı əsas mövzu istiqamətini əhatə etməlidir. Bura milli məzmunlu yaradıcı məhsulların (animasiya, oyun texnologiyaları, memarlıq, musiqi, teatr, dəb, dekorativ-tətbiqi sənət) yaradılması, davranış mədəniyyəti üzrə maarifləndirmə, MYS sahəsində rəqəmsallaşma və innovasiya, eləcə də tədqiqat və elmi-metodiki fəaliyyət daxildir. Bundan əlavə, dublyajın dəstəklənməsi və regionlarda mədəni-yaradıcı sənayenin inkişafı ilə bağlı layihələr də müsabiqəyə təqdim edilə bilər.
Sənədlərin qəbulu 6-26 noyabr 2026-cı il tarixlərində (son gün saat 18:00-dək) elektron qaydada həyata keçirilir. İştirak etmək istəyən qurumlar mygrant.culture.azportalı vasitəsilə avtomatik olaraq myculture şəxsi kabinetinə keçid edərək “e-Müraciətlər” bölməsindən müvafiq müsabiqəni seçməlidirlər. Təqdim olunan layihələr 100 ballıq şkala üzrə qiymətləndiriləcək və 50 baldan aşağı nəticə göstərən müraciətlərə qrant ayrılmayacaq.
Cəlalə Cəlalqızı
Telegram kanalımız