“XX əsrdə ermənilər azərbaycanlılara qarşı soyqırımı, insanlıq əleyhinə digər cinayətlər, ekoloji terror və s. qətliamlar törədib. Bu hadisələr keçən əsrdə bir neçə dəfə baş qaldırıb. Bunların hər birində də bir neçə xarakterik elementlər mövcud olub. Əhaliyə qarşı soyqırımı həyata keçirilən vaxt mülki əhali hərbi hədəflər olublar və terrorçular əliyalın insanlara qarşı terror törədiblər. Ermənilər Qarabağdakı şəhər və kəndlərin boşaldılması üçün bu qətliamlar törədirdilər. Buna misal olaraq Xocalını deyə bilərik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
O, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin sahibsiz itə kustar üsullarla bomba bağlayaraq onu mövqelərimiz tərəfə göndərməsi faktına toxunub.
Y. Hacıyeva söyləyib ki, bu cinayətlərin hər birində də təbiət və onun parçası olan hər bir canlı əziyyət çəkib:
“Ermənistan Azərbaycan əhalisinə qarşı flora və fauna elementlərindən – əsasən də heyvanlardan istifadə etməklə Birinci Qarabağ müharibəsində də bir neçə epizod üzrə müvafiq addımlar atmışdı. Onlar bilirlər ki, Azərbaycan əsgəri mərhəmətlidir və itə çörək verəcəyini başa düşdüyü üçün onu mövqelərimizə göndəriblər. Ermənilər kustar üsullarla düzəlmiş bombalar vasitəsilə Azərbaycan əsgərinə ziyan vurmaq siyasətini qurublar”.
Onun sözlərinə görə, srağagün axşamdan məlum faktla bağlı Azərbaycandakı ekoaktivistlər və QHT-lər bu məsələ ətrafında müəyyən piketlər və etirazlar həyata keçiriblər:

“Xatırladım ki, flora və fauna elementlərinin müdafiəsi ilə bağlı məsələlər Azərbaycana qarşı geniş istifadə olunub. Hər zaman Azərbaycanda baş tutan yarışmalar və beynəlxalq tədbirlər öncəsi flora və faunanın müdafiəsi üzrə bir neçə qrup guya Azərbaycanda itlərin öldürülməsi ilə bağlı kampaniyalara start verir. Onlar, həmçinin də Azərbaycanın strateji tərəfdaşlarının önündə də aksiyalar keçirib. Bu qruplar 2020-ci ildən sonra BP-nin baş ofisi ilə önündə bununla bağlı 2 dəfə etiraz edib. Onlar bunu BP-nin Azərbaycandakı layihələrinə qarşı istifadə ediblər”.
Analitikin fikrincə, bunlar müasir dünyada geniş istifadə olunan elementlərdən biridir və bəlli qruplar bunu dəstəkləyirlər:
“Lakin dünən axşamdan bu mövzu necə aktivləşibsə, bəzi qruplar ermənilərin məhz bu hərəkətinə rəy verməyib. Yəni Azərbaycana qarşı kampaniya aparanlar indi susublar. Ümumiyyətlə, onlar bu mövzuda danışmamağa üstünlük verirlər. Amma Ermənistanın flora və fauna elementlərini istifadə etməklə Azərbaycanın maddi-mənəvi resurslarını talaması faktdır. Çünki bunlar bölgədə gəzən sahibsiz heyvanlardır. Bunlar Azərbaycanın təbii resursudur. Ona görə də canlıların terror məqsədilə istifadə olunması həm Azərbaycan dövlətinə, həm də onun təbiətinə qarşı bir müharibə cinayətidir”.
Siyasi təhlilçiyə görə, bu, sistemli siyasətdir və ermənilər bunu edirlər:
“Biz 44 günlük Vətən Müharibəsindən sonra onların ərazilərimizdə hansı ekosidlər etməsini gördük ki, bu da yaxın 30 ildə regionda ciddi ekoloji fəsadlar formalaşdırıb. Nəzərə alsaq ki, iqlim dəyişikliyi fonunda regionun ekoloji vəziyyətinin pisləşməsi qlobal ekoloji vəziyyətin pisləşməsi üçün bir elementdir, deməli, ermənilər təkcə Azərbaycanla bağlı deyil, eləcə də qlobal iqlim dəyişikliyinə belə “töhfə”lərini veriblər”.
“Heyvanların bu məqsədlə istifadəsinin digər bir mənəvi tərəfi isə budur ki, dilsiz canlıların bu tip istifadə olunması Avropanın, ATƏT-in və BMT-nin bir neçə konvensiyası ilə bağlı qadağan olub. Lakin bu konvensiyaları pozan Ermənistan davamlı olaraq bu istiqamətdəki cinayətlərə imza atır ki, buna görə də cəza belə almır. Baxmayaraq ki, biz bunu qabardırıq və oktyabrda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqlarının Dəyərləndirilməsi ilə bağlı iclasında bu məsələ müzakirə olunacaq. Amma heç kim onlara bununla bağlı heç nə deməyəcək və onlar cəzasız qalandan sonra bu cinayətlərə davam edəcəklər. Bunun olmaması üçün aidiyyəti beynəlxalq təşkilatlar çevik addımlar atmalıdır. Canlılar insanlararası konfliktlərdə mübarizə elementi olmamalıdır”, – əlavə edib.
Politoloq Tural İsmayılov isə qeyd edib ki, bu hadisə, ümumiyyətlə, bütün dəyərlərin pozulması deməkdir:
“Birincisi, bu, Ermənistanın sistematik şəkildə Azərbaycana qarşı davam edən terror niyyətini göstərir. Vicdansızlığın həddinə baxın ki, sadə insanların ölümünə səbəb olacaq kustar üsulla hazırlanmış bombaları qarşı tərəfə ötürməyə çalışırlar. Bu, çox böyük bir cinayətdir”.

“Məsələnin ikinci tərəfi isə budur ki, bu itlər nə qədər təlim keçmiş itlər olsa da, ola bilsin ki, yolu azıb mülki insanların yaşadığı ərazilərə gedə bilərdilər ki, nəticədə insan tələfatı və mülki insanların ölümü prosesi baş verə bilərdi. Həmçinin bu, heyvanlara qarşı olan iyrənc yanaşmanın göstəricisidir. Ermənistan heyvanları belə terror əməllərinə alət etməklə, əslində, bütün normaları aşmış olur”, – T. İsmayılov vurğulayıb.
Həmsöhbətimiz aydınlaşdırıb ki, indiyə qədər beynəlxalq siyasi dairələrdən Ermənistanın Azərbaycana qarşı müxtəlif terrorlarla bağlı layiqli cavab almamışıq:
“Lakin düşünürəm ki, heyvan hüquqları ilə bağlı aktivistlərimiz bu məsələni çox ciddi şəkildə qınamalıdır. Eləcə də Azərbaycan diasporu, habelə Azərbaycanda heyvan hüquqları ilə bağlı təşkilatların bu məsələni beynəlxalq ictimaiyyətə çıxarması lazımdır. Çünki heyvanların üzərinə bomba bağlayıb onu qarşı tərəfə göndərmək , sadəcə olaraq, insani dəyələrin itirilməsinin ən böyük göstəricilərindən biridir”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız