44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri hazırda Ermənistan İstintaq Komitəsinin binası qarşısında etiraz aksiyası keçirirlər.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, müharibədə həlak olan Akop Rostomyanın atası Ara Rostomyan jurnalistlərə bildirib ki, onlar həlak olanların yaxınlarına qarşı erməni polisi tərəfindən həyata keçirilən zorakılıq işinin istintaqının hansı mərhələdə olduğunu başa düşüblər. Aksiya iştirakçıları istintaq qrupunun rəhbəri Yura İvanyanla görüş tələb edirlər.
“Belə bir təəssürat var ki, onlar guya işi araşdırır. İlk dəfə gələndə hüquq-mühafizə orqanlarının əməkdaşları dedilər ki, polisləri tanıya bilmirik, ona görə də növbəti dəfə polislərin şəkillərini özümüzlə gətirdik. Qarşıdurmalar zamanı polis bildirib ki, bu, valideynlərin saxlanılmasının qanuni tələbi olub”, – Rostomyan bildirib.
Onun sözlərinə görə, indiyədək heç bir polis əməkdaşına qarşı ittiham irəli sürülməyib.
Həlak olan əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan isə söyləyib ki, cinayət işi çərçivəsində heç bir tədbir görülməyib: “Qatil (Nikol Paşinyan – red.) yerindən tərpənmir. Etiraz əlaməti olaraq 24 saat oturacağıq”.
Bildirilir ki, 24 saat ərzində heç bir polisə qarşı ittiham irəli sürülməzsə, valideynlər növbəti addımlarını elan edəcək və yeni iddia qaldıracaqlar.
Xatırladaq ki, 21 sentyabr 2022-ci ildə, Ermənistanın Müstəqillik Günündə həlak olan hərbçilərin valideynləri Ermənistanın Baş naziri Nikol Paşinyana oğullarının məzarlarına yaxınlaşmağı qadağan etmək üçün İrəvandakı “Yerablur” panteonuna gediblər. Nəticədə polis məmurları aksiyada iştiral edən bəzi valideynləri həbs etmişdi. Faktla bağlı cinayət işi başlanıb.
Telegram kanalımız