Nazirlər Kabineti elektroenergetika sahəsində bir sıra istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin araşdırılması məqsədilə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, bu sahələrin inkişafı üzrə zəruri tədbirlərin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyinin təhlili, habelə "Azərenerji" və "Azərişıq" ASC-lərin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb. İnternet mağaza
Komissiyanın sədri
energetika naziri
Komissiyanın üzvləri:
- Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
- iqtisadiyyat nazirinin müavini
- maliyyə nazirinin müavini
- Dövlət Neft Şirkətinin prezidenti
- Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini
- Baş nazirinin köməkçisi
Komissiyaya tapşırılıb ki, beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə 2 ay müddətində ölkənin enerji təhlükəsizliyi də nəzərə alınmaqla elektroenergetika sisteminin mövcud potensialının və infrastruktur imkanlarının, enerji sistemində paralel iş rejiminin vəziyyətini araşdırsın, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyəti
təhlil etsin və onun inkişafı üzrə tədbirləri müəyyən etsin, kiçik su elektrik stansiyalarının tikintisinin və istismarının səmərəliliyini araşdırsın, səhmdar cəmiyyətlərinin fəaliyyətinin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirsin, zərurət olduqda, aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərini işə cəlb etsin, araşdırma və təhlil nəticələrinə dair məlumatları və təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.
"Azərenerji" və "Azərişıq" Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etməli, Maliyyə Nazirliyi sərəncamın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Telegram kanalımız