“44 günlük İkinci Qarabağ müharibəsi arxada qalsa da onun nəticələri, ən əsası Ermənistanın müharibə dövründə də beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması geniş şəkildə müzakirə olunmaqda, hazırlanan hesabatlarda öz əksini tapmaqdadır. Diqqət çəkən məqam istər müharibədən əvvəl, istərsə də müharibənin gedişi zamanı işğalçı Ermənistana dəstək olub hesabatlarında onu haqlı, Azərbaycanı isə haqsız tərəf kimi qeyd edən beynəlxalq hüquq müdafiə təşkilatlarının müharibədən sonra reallıqları etiraf etmələri, həqiqətlərə həqiqət gözü ilə baxmalarıdır”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bidirib.
O, qeyd edib ki, bu baxımdan “Amnesty International” təşkilatının hesabatları diqqətçəkəndir: “Belə ki, qurum növbəti dəfə 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarəolunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir”.
V.Rəhimzadə qeyd edib ki, bu kimi hesabatlar Azərbaycanın haqlı mövqeyinin, Ermənistanın əsl simasının, atdığı beynəlxalq hüquqazidd addımların təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Amma bugünümüz üçün real olan məsələ, əsas çağırış bu hesabatlarda, ümumiyyətlə, qəbul olunan sənədlərdə əksini tapan problemlərin fonunda sözdən əmələ keçilməsinin zəruriliyidir.
Baş redaktor qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə dünyanın 30-dan artıq nüfuzlu mətbu orqanına müsahibələri zamanı qərəzdən yaranan, Ermənistana dəstək xarakterli sualları təmkinlə cavablandırarkən Azərbaycanın heç vaxt beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan istifadə etmədiyini, mülki şəxsləri hədəf seçmədiyini, bu kimi addımların Ermənistana məxsus olduğunu dəfələrlə bildirib. Əsas olan dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının ədalət prinsipini öndə saxlayıb, düzgün yanaşma ortaya qoymaları idi. Bu gün həmin yanaşmalar özünü qabarıq şəkildə büruzə verir. “Amnesty International” təşkilatının hesabatları da bunun bariz nümunəsidir.
“Amnesty International” Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və kəndlərinə mülki vətəndaşların həlak olması ilə nəticələnən səkkiz raket zərbəsinin endirilməsini sənədləşdirib. Hesabatda əksini tapan təsdiqlənmiş faktlar işğalçı Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını bir tələb kimi ortaya qoyur. Əmin olmaq istərdik ki, qurum gələcək hesabatlarında bu məqamları da xüsusi qeyd edəcək.