“Evdə qal, təbliğatdan qalma!” kampaniyasına start verildi
24 Apr 2020 11:44
180

“Evdə qal, təbliğatdan qalma!” kampaniyasına start verildi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiya və karantin rejimi şəraitində gənclərin Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında biliklərini artırmaq, eyni zamanda bu sahədə aparılan təbliğat işində onların iştirakçılığını yüksəltmək məqsədilə “Evdə qal, təbliğatdan qalma!” virtual təbliğat kampaniyasına başlayıb.

Yenisabah.az xəbər verir ki, kampaniya çərçivəsində Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında  obyektiv məlumatların, yaradılmış multimedia resursların sosial şəbəkələrdə #Evdəqaltəbliğatdanqalma, #Qarabağıtanı və #Qarabağıtanıt həştəqləri vasitəsilə paylaşılması nəzərdə tutulub.

Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğal altında olmasını, Ermənistanın davamlı olaraq, yerli, regional və beynəlxalq səviyyədə, müxtəlif virtual platformalarda Azərbaycan əleyhinə, ərazi bütövlüyümüzə, maddi - mədəni irsimizə qarşı apardığı yalan, qərəzli təbliğatını nəzərə alaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi mövcud vəziyyətdə yaranmış asudə vaxt imkanından faydalı istifadə etməyə, “Evdə qal, təbliğatdan qalma!” virtual təbliğat kampaniyasına aktiv şəkildə qoşulmaqla Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında obyektiv məlumatlarla tanış olmağa, bu məlumatları paylaşmağa, Azərbaycan və Qarabağ həqiqətlərinin həm yerli, həm də beynəlxalq səviyyədə təbliğ edilməsində yaxından iştirak etməyə çağırır. 

Kampaniya çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və müxtəlif xarici dillərdə birliyin rəsmi virtualkarabakh.az portalında və virtualkarabakhtv youtube kanalında nümayiş etdirilən, eyni zamanda ictimai birliyin rəsmi feysbuk səhfəsində davamlı olaraq paylaşılan Qarabağ və tarixi Azərbaycan torpaqları haqqında məlumatlarla, sənədli filmlərlə, işğal altındakı rayonlarımız haqqında 3D qrafik təsvirli filmlərlə, infoqrafika və infovideolarla, elektron albomlarla, virtual muzey və elektron kitabxana ilə, musiqilərlə, “Google Arts & Culture”  onlayn platformasında Qarabağ mövzusunda nümayiş olunan sərgilərlə, digər foto və video materiallarla tanış olaraq, onları sosial şəbəkələrdə #Evdəqaltəbliğatdanqalma, #Qarabağıtanı, #Qarabağıtanıt,#оставайся_дома_не_оставайся_безучастным, #знай_правду_о_Карабахе,#расскажи_миру_правду_о_Карабахе, #stayathomestaypromoting,#knowKarabakh, #makeKarabakhknown,#Evdekaltanıtımdankalma, #Karabağıtanı, #Karabağıtanıt həş¬təq¬ləri ilə paylaşaraq aparılan təbliğat işinə töhfə vermək olar.

Kampaniyanın daha geniş kütləyə çatdırılması və təbliğatın effektivliyini artırmaq məqsədilə Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ”  İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi gənclər təşkilatlarını, Qeyri-hökumət təşkilatlarını, Kütləvi İnformasiya Vasitələrini və digər aidiyyatı qurumları virtual kampaniyaya dəstək olmağa çağırır. 

 

Oxşar xəbərlər