9 Avqust - 06:31
Fuad Qəhrəmanlının qızı haqda ekspertizanın şok nəticəsi: “Ləkələr iki qadın cinsli...”

Fuad Qəhrəmanlının qızı haqda ekspertizanın şok nəticəsi: “Ləkələr iki qadın cinsli...”

Kriminal

23 Dekabr 2021 14:08 99949


AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı və yazar Zümrüd Yağmurun qızları Sənay Yağmurun təcavüzə məruz qalması haqda cinayət işi ilə bağlı ekspertiza rəyi açıqlanıb.

Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən aparılan ekspertizanın nəticələri təcavüzdə ittiham olunan Sənay Qəhrəmanlının xalası oğlu Əsgər Ağayevin valideynlərinə təqdim edilib.

Əsgər Ağayevin  valideynləri – Sürəyya Ağayeva və Yusif Ağayev “Yeni Sabah”ın redaksiyasına gələrək hadisə haqda ətraflı məlumat veriblər. Məsələdən xəbəri olmayan oxucular üçün bildirək ki, Sürəyya Ağayeva Zümrüd Yağmurun bacısıdır. 

“Rəylərinin hamısında təsdiq olunub ki, oğlumun bu işlə əlaqəsi yoxdur”

S. Ağayeva deyib ki, oğlu həbs olunmazdan əvvəl öz atası üçün qaraciyər donoru olub və Mərkəzi Klinikadan həkim rəyi var ki, o qapalı şəraitdə saxlanıla bilməz: “Arayışımız var idi ki, övladım orada qala bilməz. Epikriz də var, hamısında yazılıb ki, həyati təhlükə var, övladım o şəraitdə qala bilməz, amma mənim oğlumu buraxmırlar. 

İki dəfə Apellasiya Məhkəməsində, üç dəfə Binəqədi rayon məhkəməsində vəsatət qaldırdıq, nəticə olmadı.

Nəhayət bizə ekspertizanın nəticəsini təqdim etdilər. Dekabrın 21-i gecə saat ikidə rəy bizim əlimizə çatıb. Maraqlıdır ki, bu rəy Apelyasiya və Binəqədi məhkəmələrində hakimlərə təqdim olunmayıb. 

Ekspertiza rəylərinin hamısında təsdiq olunub ki, mənim oğlumun bu işlə heç bir əlaqəsi yoxdur. Dörd rəy var – narkoloji, alkoloji, psixoloji və genetik. Rəylərin dördü də oğlumun lehinədir. Onu tutmaq üçün heç bir əsas yoxdur. 

“Məlum olub ki, içki analizdən bir saat əvvəl qəbul edilib”

Deyirdilər ki, qıza içki içirilib, qanında 1,1 promil içki çıxıb. Hadisədən 4 gün sonra analiz veriblər və Sənayın qanından içki çıxıb. Məlum olub ki, çıxan içki qan analizi verməmişdən bir saat əvvəl içilən içkidir. O rəy də bizdə var. 

Bundan başqa deyirdilər ki, guya oğlum onun pivəsinə dərman qatıb. Analiz verdikdə isə həmin dərman qızın qanından çıxmayıb. Ekspertiza rəyi var ki, qızın qanı tərtəmizdir. Bu dediklərin hamısı rəsmi olaraq bizdə var.

İşə iki dəfə Yasamal rayon prokurorluğu və Yasamal rayon məhkəməsində oğlumun xeyrinə xitam verilib. 

Hadisədən 1 il 2 ay sonra onlar feministlərlə birlikdə bu işi ictimailəşdirdilər. Bundan sonra Apellasiya məhkəməsinə verdilər və hakim Rəşad Abdulov işi geri qaytardı. 

Baş Prokurorluq məsələyə yenidən baxdı, hansı ki, Baş Prokurorun müavini  Elçin Məmmədov vaxtilə xitama imza atmışdı.

Bu işi Teymur Qarayev adlı müstəntiqə verdilər. Həmin müstəntiq bütün feministlərin işini aparan adamdır. O da bu ideologiyaya təmənnasız qulluq edir.

“Sənay Yağmurun alt paltarından iki qadına məxsus toxuma tapılıb”

Birinci məhkəmə dövründə hər şey araşdırılıb. Həmin hadisə zamanı qızın bizim evdən çıxmasına aid görüntülər var, evin qarşısında “TS” kamera var, həmin kamerada qızın bizim evdən çıxdığı, telefonla danışdığı, saçını düzəltdiyi, yellənə-yellənə getdiyi aydın görünür. 

Oğlumla səhər oturublar, kofe içiblər, deyib-gülüblər. Bizdən çıxıb otelə gedib. Səfərov Ümman Mirsadiq oğlu ilə görüşüb, ona deyib ki, “Mən belə bir şeydən şübhələnirəm”. Ümman da ona deyib ki, “Ola bilər ki, xalan oğlu sənə nəsə edib”. 

Onun özünün səs yazıları da var, deyir ki, mən belə bir şey güman edirəm. Məhkəmə işində də bu gedib, qız gümanla danışır. Deyir ki, səhər qalxanda mələfədə qan olub. Ekspert rəyi təsdiq edir ki, qızın menstrual pozğunluğu olub və həmin qan aybaşı qanıdır. 

Biz vəsatət qaldırırıq ki, bu işə xitam verilsin, bu nə deməkdir?! Sonuncu genetik rəydə qeyd olunur ki, Sənay Yağmurun alt paltarından iki qadına məxsus toxuma tapılıb, mənim oğlumun sperması tapılmayıb. Nə əvvəlki rəydə, nə də indiki rəydə oğlumun sperması yoxdur...

“Baş Prokurordan soruşmaq istəyirəm ki, oğlumu orda saxlamaq üçüün bircə səbəb göstərsin”

İndi bu işə xitam verilməlidir. Mən Baş Prokurordan soruşmaq istəyirəm ki, oğlumu orda saxlamağına bircə səbəb göstərsin. Mənim övladım atasına qaraciyərini verib, əməliyyatdan çıxıb, 65 gün 30 faiz qaraciyərlə onun orada saxlanılmasına səbəb nədir? 10 gündür uşağı Binəqədi rayon Baş Polis İdarəsinə gətiriblər ki, guya işlə tanış etsinlər, amma sonuncu rəyi ona verməmişdilər. Srağagün həmin rəyi ona veriblər və dünən yenidən Kürdəxanıya aparıblar. 

Zümrüd Yağmur özü mənim haqqımda deyir ki, “Onlar mənə kömək edir”. Biz Beyləqanda yaşayırıq, amma həftənin beşinci günləri Bakıya oğlumun yanına gəlirdik, gələndə də Zümrüdə nə lazımdırsa edirdim. Buna bir şey demirəm, biz ata, ana bir bacıyıq. Amma indi dərk edirəm ki, Zümrüd insanlardan istifadə edir sonra isə onları tramplin kimi ayağının altına qoyub tullana bilir. Nə olsun mənim bacımıdır? İndi başa düşürəm ki, qızımdan, oğlumdan, məndən hərəmizdən bir cür istifadə edib. Oğlumun da üstünə ayağını qoyub göyə tullandı, onun üçün müqəddəs heç nə yoxdur. 

“Fuad Qəhrəmanlı saxta profillə bizi təhdid edir”

Zümrüüdün keçmiş həyat yoldaşı Fuad Qəhrəmanlı saxta profildən bizə nə qədər təhdidlər yazıb göndərdi. Yazıb silirdi, sonra biz silinən mesajları geri qaytara bildik. Yazdıqca özü-özünü ifşa edirdi. Qızın anası özü deyirdi ki, “Qızım, sən içəndə həmişə atanın sənə təcavüzündən danışırsan”. Hadisədən sonra üç gün ərzində ana-bala mənə nə qədər şeylər yazdılar. Məni elə inandırdılar ki, oğluma dedim “əgər belə bir şey etmisənsə, get özünü as, öldür”.

Tutulandan sonra oğlumla bizə bir ay görüş vermədilər. Oğlum iki həftə vəkil xidmətindən məhrum oldu. Quantanamo həbsxanasında belə məhbusları vəkil xidmətindən məhrum etmirlər, amma Teymur Qarayev bunu elədi. 

Mən xəstə uşağımın vəziyyəti haqqında heç bir məlumat ala bilmirdim. O, qaraciyərinə görə yüngül bir təmasdan qanaxma ilə ölə bilərdi. Həkim rəyində də qeyd edilir ki, o, 6 ay həkim nəzarətində qalmalıdır. Qapalı yerdə qala bilməz. Müstəntiq isə deyir ki, gərək həkim rəyində “Qapalı yerdə qala bilməz” əvəzinə “Həbsxanada qala bilməz” yazılaydı. Bu nə deməkdir?! 

“Dörd rəyin hər biri bizim lehimizədir”

Mənim oğlumun həbsdə saxlanılmasına bir səbəb, sübut, arqument göstərsinlər. Dörd rəyin hər biri bizim lehimizədir, bu işə xitam verilməlidir, bizim tələbimiz budur. 

Həm də müstəntiq Teymur Qarayevin 65 gündə mənə yaşatdığı zülmə görə cəzalanmasını istəyirəm. Bu boyda ədalətsizlik olmaz.

Biz bütün yatırımımızı övladlarımızın təhsilinə qoymuşuq. Qızım da təhsilini xaricdə davam etdirib. Oğlum Türkiyədə oxuyub, sonra Amerikada proqramçı kursunu bitirib və ölkəyə geri dönüb. Azərbaycana qayıtdıqdan sonra “İBA Tech” adlı bir proqrama qoşuldu. Qoşulan 7 min şəxs arasından seçilən 25 nəfərdən biri mənim oğlum idi. Proqramın sonuncu layihəsi günü uşağın başına bu iş gəldi. Və layihə də batdı...”.

Açıqlamada səslənən fikirlərlə bağlı yazıda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!