Yay aylarında havaların kəskin istiləşməsi səbəbindən bir çox insan gecələr sərinləmək üçün ventilyatordan istifadə edir. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, ventilyatorun düzgün istifadə edilməməsi bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.
"Yeni Sabah" xəbər verir ki, həkimlərin sözlərinə görə, ventilyatorun bütün gecə ərzində birbaşa bədənə yönəldilməsi əzələlərin və oynaqların soyumasına səbəb ola bilər. Bu isə səhər saatlarında boyun, bel və çiyin nahiyəsində ağrı, əzələ spazmı və hərəkət zamanı narahatlıq yarada bilər.
Mütəxəssislər bildirirlər ki, ventilyatorun yaratdığı davamlı hava axını burun və boğaz selikli qişasını quruda bilər. Nəticədə bəzi insanlarda boğaz ağrısı, burun tutulması, öskürək və ağız quruluğu müşahidə oluna bilər. Xüsusilə allergik rinit, sinusit və astma kimi tənəffüs yolu xəstəlikləri olan şəxslər bu təsirlərə daha həssas hesab edilirlər. pizza hut
Həkimlər qeyd edirlər ki, ventilyator otaqdakı toz, polen və digər xırda hissəcikləri havada dövr etdirə bilər. Bu isə allergiyası olan insanlarda asqırma, gözlərdə qaşınma, burun axması və nəfəsalma çətinliyi kimi şikayətlərin artmasına səbəb ola bilər. Bu baxımdan ventilyatordan istifadə edilən otağın mütəmadi təmizlənməsi və tozdan uzaq saxlanılması tövsiyə olunur.
Mütəxəssislərin sözlərinə görə, uzun müddət sərin hava axınına məruz qalmaq bəzi insanlarda baş ağrısı və səhər yorğunluğu hissi də yarada bilər. Xüsusilə ventilyatorun birbaşa üz nahiyəsinə istiqamətləndirilməsi gözlərin qurumasına və kontakt linza istifadəçilərində narahatlığa səbəb ola bilər.
Həkimlər bildirirlər ki, ventilyator sağlam insanlar üçün ümumilikdə təhlükəli hesab olunmur. Lakin cihazdan düzgün istifadə edilmədikdə narahatlıqlar yarana bilər. Bu səbəbdən ventilyatorun birbaşa insanın üzərinə deyil, otaqda hava dövranı yaradacaq istiqamətdə yerləşdirilməsi daha məqsədəuyğun sayılır.
Mütəxəssislər gecə saatlarında otağın temperaturunun həddindən artıq aşağı salınmamasını, kifayət qədər maye qəbul edilməsini və otağın vaxtaşırı havalandırılmasını da tövsiyə edirlər. Onların fikrincə, bu sadə qaydalara əməl etmək həm daha rahat yuxuya, həm də mümkün sağlamlıq risklərinin azalmasına kömək edə bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız