Payızda havaların soyuması, temperaturun tez-tez dəyişməsi və günəşli saatların azalması soyuqdəymə və qrip kimi xəstəliklərin yayılma riskini artırır. Bu dövrdə orqanizmin müdafiə sistemini qorumaq üçün düzgün qidalanmaq, yuxu rejiminə əməl etmək və sağlam həyat tərzi keçirmək vacibdir.
“Yeni Sabah” xəbər verir ki, immuniteti dəstəkləməyin əsas yollarından biri vitamin və minerallarla zəngin qidalar qəbul etməkdir. Xüsusilə portağal, naringi, kivi, nar, alma, kök, balqabaq və göyərti gündəlik qidalanmada yer almalıdır. C və D vitaminləri, sinklə zəngin qidalar da immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır.
Bununla yanaşı, gün ərzində kifayət qədər su içmək, gecə 7-9 saat yatmaq və fiziki aktivliyi qorumaq tövsiyə olunur. Açıq havada gəzmək, yüngül idmanla məşğul olmaq və stressdən uzaq durmaq da orqanizmin ümumi sağlamlığına müsbət təsir göstərir. ShopByBro
Payız aylarında infeksiyalardan qorunmaq üçün şəxsi gigiyenaya diqqət yetirmək, əlləri müntəzəm yumaq və qapalı məkanları tez-tez havalandırmaq lazımdır. Qripə qarşı peyvənd olunmaq da xəstəliyin ağırlaşma riskini azaltmağın effektiv yollarından biridir.
Digər tərəfdən, immuniteti gücləndirmək məqsədilə vitamin və müxtəlif dərman preparatlarını özbaşına qəbul etmək düzgün deyil. Vitamin çatışmazlığı müəyyən edilmədən yüksək dozalı əlavələrdən istifadə sağlamlıq üçün zərərli ola bilər. Buna görə də belə preparatları həkim məsləhəti ilə qəbul etmək tövsiyə olunur.
Mütəxəssislər bildirirlər ki, immuniteti bir neçə gün ərzində gücləndirmək mümkün deyil. Orqanizmin müdafiə sistemini qorumaq üçün sağlam qidalanma, keyfiyyətli yuxu və fiziki aktivlik gündəlik həyatın bir hissəsinə çevrilməlidir.
Aydan Hacı
Telegram kanalımız