"Google" Avropada həm cərimələr, həm də milyardlarla dollarlıq təzminat iddiaları ilə üz-üzə qalıb.
“Yeni Sabah” xəbər verir ki, Avropa İttifaqında texnologiya nəhənginə qarşı hüquqi təzyiqlər daha da güclənib.
Bildirilir ki, "Google"un öz xidmətlərini ön plana çıxarması və tətbiq hazırlayan şirkətlərə maneələr yaratması səbəbindən şirkət daha əvvəl 1 milyard dollar məbləğində cərimələnib. Bundan sonra Avropadakı rəqib şirkətlər də məhkəmələrə müraciət edərək təzminat tələb etməyə başlayıblar. Sezar pizza
Hazırda Avropanın ən azı altı ölkəsində "Google"a qarşı məhkəmə iddiaları qaldırılıb. Kiçik və orta şirkətlər texnologiya nəhəngindən ümumilikdə 10 milyard dollara qədər təzminat tələb edirlər. Almaniyada qiymət müqayisəsi platforması "İdealo" "Google"a qarşı açdığı məhkəmə işində 465 milyon avro məbləğində təzminat qazanıb. Bu qərarın gələcək oxşar iddialar üçün presedent yarada biləcəyi bildirilir.
Hüquq mütəxəssislərinin fikrincə, Avropa İttifaqının rəqabət qaydalarının pozulduğunu müəyyən etməsindən sonra "Google"a qarşı yeni iddiaların sayı daha da arta bilər. Şirkətlər əvvəlki illərdə dəymiş ziyanın ödənilməsini də tələb edə bilərlər.
"Google" isə irəli sürülən ittihamları qəbul etmir. Şirkət rəsmiləri bildirirlər ki, bəzi rəqiblər innovasiyaya sərmayə qoymaq əvəzinə məhkəmə yolu ilə təzminat almağa çalışırlar.
Qeyd edək ki, son 10 ildə Avropa İttifaqı "Google"a ümumilikdə 10,4 milyard avro məbləğində cərimə tətbiq edib. Yeni məhkəmə iddialarının isə şirkət üzərindəki maliyyə təzyiqini daha da artıracağı gözlənilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız