"Samsung" şirkəti ilk ağıllı eynəyini təqdim edib. Süni intellektlə işləyən cihaz istifadəçinin ətrafını tanıya, suallara cavab verə, mətnləri tərcümə edə və yol göstərə bilir.
“Yeni Sabah” xəbər verir ki, “Intelligent Eyewear” adlanan eynək “Google”, “Gentle Monster” və “Warby Parker” şirkətlərinin birgə əməkdaşlığı ilə hazırlanıb. “Android XR” əməliyyat sistemi ilə işləyən cihaz ilk olaraq ABŞ və Cənubi Koreyada satışa çıxarılıb. Eynəkdə görüntünü göstərən ekran yoxdur. Bunun əvəzinə kamera və səsli köməkçilər vasitəsilə istifadəçinin ətrafı tanınır və müxtəlif suallar cavablandırılır. Eynəyin qiyməti 395 dollardan başlayır. Seçilən çərçivənin modelindən asılı olaraq qiymət 489 dollara qədər yüksəlir.
İlkin sifarişlər “Warby Parker”in internet saytı və mağazaları, “Gentle Monster”in onlayn mağazası, eləcə də “Samsung”un seçilmiş satış məntəqələrində qəbul edilir. Dekabrın 10-dan etibarən alıcılar eynəyi müəyyən mağazalarda sınaqdan keçirə biləcəklər. Məhsulun Azərbaycanda nə vaxt satışa çıxarılacağı hələ açıqlanmayıb. Elektronika məhsulları
“Intelligent Eyewear” ümumilikdə 30 fərqli dizaynda hazırlanıb. Onlardan 16-sı “Gentle Monster”, 14-ü isə “Warby Parker” şirkətinin dizaynıdır. Eynək kvadrat, dairəvi, oval, düzbucaqlı və pişik gözü formasında çərçivələrlə təqdim olunur. Qara, tünd qırmızı, ağ, açıq boz və tünd yaşıl rəng seçimləri də var. Cihazın orta çəkisi 41 qramdır. Eynək IPX4 qorunma səviyyəsinə malikdir. Bu isə onun su sıçramalarına qarşı davamlı olduğunu göstərir.
Eynəkdə “Google”un Gemini və “Samsung”un Bixby səsli köməkçiləri yer alır. "Bixby"dən istifadə etmək üçün cihazı “Galaxy” telefonu ilə əlaqələndirmək lazımdır. İstifadəçilər eynək vasitəsilə əşyaları tanıya, mətnləri real vaxt rejimində tərcümə edə və “Google Xəritələr” vasitəsilə addım-addım yol göstərişi ala bilərlər. Bundan başqa, cihaz toplantı qeydlərinin şəklini çəkərək onları “Samsung Notes” tətbiqinə ötürə və qısa məzmun hazırlaya bilir. Telefon bildirişlərini də səsləndirərək ümumiləşdirir.
“Samsung Intelligent Eyewear” eynəyi “Snapdragon AR1 Gen 1” prosessoru, 2 GB əməli yaddaş və 64 GB daxili yaddaşla təchiz edilib. Cihazda 12 meqapiksellik kamera, dörd mikrofon və qulağa səs ötürən iki açıq tipli dinamik var. Eynək 3K keyfiyyətində video çəkə bilir.
Qarışıq istifadə zamanı cihazın enerji ehtiyatı bir dəfə doldurulmaqla 9 saata qədər çatır. Xüsusi enerji qutusu ilə birlikdə bu müddət ümumilikdə 72 saata qədər artır. Eynək “Samsung Galaxy” telefonları ilə yanaşı, “iPhone 13” və daha yeni, həmçinin “Google Pixel 7” və sonrakı modellərlə də uyğun işləyir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız