Hakimiyyətə Mehri dəhlizi ilə bağlı çağırış edildi
26 Yan 2021 11:43
322

Hakimiyyətə Mehri dəhlizi ilə bağlı çağırış edildi

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata əsasən, toplantı iştirakçıları ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələrlə bağlı müzakirələr aparıb. 

İdarə Heyəti ilk növbədə Rusiya, Azərbaycan və Ermənistan arasında əldə edilmiş sazişin birtərəfli qaydada pozulmasından, bu sazişdən yararlanan Rusiyanın işğalçı siyasətinin davam etdirilməsindən, erməni silahlı qüvvələrinin ərazimizdən çıxarılmamasından, Dağlıq Qarabağ ərazisində Azərbaycanın suveren hüquqlarının həyata keçirilməsinə hər vasitə ilə dirəniş göstərilməsindən, Dağlıq Qarabağ ərazisində Azərbaycanın nəzarətindən kənar şəkildə kütləvi məskunlaşmanın həyata keçirilməsindən, bölgənin tarixi sakinləri olan əhalimizi öz doğma yurdlarına qaytarılmasını əngəllənməsindən, Laçın dəhlizi əsas müzakirə obyekti olduğu halda sazişdə əksini tapan Mehri dəhlizinin açılmasının arxa plana keçirilməsindən ciddi narahat olduğunu ifadə edib və hakimiyyəti bu yöndə ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti rusiyalı bloger Aleksey Navalnının həbsi ilə bağlı Rusiyada başlanan xalq hərəkatına qarşı başladılan ayaqlamaları, kütləvi xarakter alan aksiyanın zorakılıqla qarşısının alınması cəhdlərini qətiyyətlə pisləyib və beynəlxalq təşkilatları Rusiyada baş verən hadisələrə biganə qalmamağa, Putin diktaturasından xilas olmağa səy göstərən xalqın səsinə səs verməyə, bu ölkədə insan hüquq və azadlıqlarının qorunması istiqamətində təsirli tədbirlər görməyə çağırıb.

İdarə Heyəti NATO-nun Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ probleminin Gürcüstan və Azərbaycanın suverenliyi çərçivəsində həll edilməsinin vacibliyi ilə bağlı verdiyi bəyanatı yüksək dəyərləndirib, dünya ictimaiyyətini və hakimiyyəti NATO-nun bu mövqeyini dəstəkləməyə çağırıb.

İdarə Heyəti Türkmənistan və Azərbaycan arasında əldə edilən son sazişi iki qardaş ölkənin strateji hədəflərinə xidmət etdiyini, beynəlxalq layihələrdə vahid mövqedən çıxış etməyə imkan verdiyini diqqətə çatdırıb və bu əlaqələrin digər türk dövlətləri ilə eyni qaydada qurulmasının vacibliyini diqqətə çatdırıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər