16 Avqust - 10:30
Hamını barmağına dolayan ingilisləri bu dəfə “Mehdinin nökərləri” doladı...

Hamını barmağına dolayan ingilisləri bu dəfə “Mehdinin nökərləri” doladı...

Siyasət

05 Avqust 2022 17:07 1199


Rusiya Ukraynaya hücum etdiyi ilk gündən Böyük Britaniya kəşfiyyatı başımızı xarab edib. 

Putin nə vaxt yatır, nə vaxt durur, səhər neçə metr qaçır - hamısını açıqlayıb. 

Hətta müharibəni uduzacağı təqdirdə, hansı ölkəyə qaçacağını da açıqlayıb.

Açığı, mən bunda pis heç nə görmürəm. Təcavüzkara qarşı hərə bir yolla mübarizə aparır. Britaniya ön sıradadır; həm silah verir, həm də silahdan da qiymətli olan kəşfiyyat məlumatları...

Ümumiyyətlə, Böyük Britaniya kəşfiyaytının gücünü heç kim inkar etmir. İngilislər məxfi işləri yaxşı bilirlər. Hardasa ara qarışanda nahaqdan demirlər ki, burda ingilis barmağı var.

Amma indi vəziyyət bir qədər fərqlidir. Hamını barmağına dolayan ingilisləri bu dəfə “Mehdinin nökərləri” barmaqlarına doladı. Bəli, düz fikirləşirsiniz, söhbət Londondakı Azərbaycan səfirliyinə din pərdəsinə bürünmüş bir qrup radikal şəxsin hücumundan gedir. Bu biabırçılıqdan vaxtında xəbər tutmayan və buna görə də hadisənin qarşısını ala bilməyən ingilis kəşfiyyatı bu dəfə sinifdə qaldı...

Azərbaycan səfirliyinə hücum təkcə bizə deyil, həm də Böyük Britaniya hökumətinə qarşı idi. Bu hadisədə bayrağı yerə atılan biz olsaq da, etibarı yerlə bir olan ingilislər oldu. 

Dünən axşamdan bəri məni bir sual düşündürür: Nə oldu, Ukraynada rus zabitlərinin gündə neçə dəfə tualetə getdiyini bilən Britaniya kəşfiyyatı Londonun mərkəzində Azərbaycan səfirliyinə hücum olacağını bilmədi?

Bəlkə bilmək istəmədi?..

Hər iki halda utanmaq lazımdır. Amma bunula da iş bitmir. Bu rəzalətə görə Britaniya Azərbaycanda üzr istəməli, səfirliyimizə hücum edən terrorçular ən sərt şəkildə cəzalandırılmalıdır! 

Tələbimiz qətidir: "İngilis bayrağı" kimi sağa-sola əsməyin yeri yoxdur...

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!