Həkimdən yayda qaralanlara XƏBƏRDARLIQ: “Bu, sağlamlığın göstəricisi deyil”

saytların hazırlanması

Evə çatdırılma

Həkimdən yayda qaralanlara XƏBƏRDARLIQ: “Bu, sağlamlığın göstəricisi deyil”

Sağlamlıq

13 İyul 2026 11:27 67


Yay aylarında insanlar ən çox dəniz kənarında günəş vannası qəbul edərək qaralmağa üstünlük verirlər. Bir çoxları qaralmış dərini sağlamlıq və gözəllik əlaməti hesab etsə də, mütəxəssislər bunun tam doğru olmadığını bildirirlər.

"Yeni Sabah" xəbər verir ki, həkimlərin sözlərinə görə, günəş şüalarının orqanizm üçün müəyyən faydaları olsa da, uzun müddət və nəzarətsiz şəkildə günəş altında qalmaq ciddi problemlərə səbəb ola bilər.

Belə ki, dərinin qaralması ultrabənövşəyi şüalara qarşı orqanizmin müdafiə reaksiyasıdır. Günəş şüaları dərinin dərin qatlarına təsir etdikdə orqanizm daha çox melanin piqmenti istehsal edir və nəticədə dəri tündləşir. Bu səbəbdən dermatoloqlar qaralmanı sağlamlığın göstəricisi deyil, dərinin özünü zədələrdən qorumaq cəhdi kimi qiymətləndirirlər. pizza mizza

Bununla yanaşı, günəş şüalarının orqanizm üçün faydaları da var. Günəş D vitamininin sintezini sürətləndirir, kalsiumun mənimsənilməsini yaxşılaşdırır, sümük və dişlərin möhkəmlənməsinə kömək edir. Həmçinin günəş işığı serotonin hormonunun ifrazını artırdığı üçün insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərir, bioloji saatın tənzimlənməsinə və yuxunun yaxşılaşmasına kömək edir.

Rusiyalı dermatoloq və kosmetoloq Natalya Ryaxovskaya bildirib ki, insanların əksəriyyəti qaralmağın sağlamlıq üçün vacib olduğunu düşünsə də, bu, yanlış yanaşmadır.

"Qaralmış dəri sağlamlığın göstəricisi deyil. Dərinin rənginin tündləşməsi ultrabənövşəyi şüaların yaratdığı zədəyə qarşı müdafiə reaksiyasıdır. Məqsəd qaralmaq yox, dərini günəşdən düzgün qorumaq olmalıdır", - deyə həkim vurğulayıb.

Dermatoloqun sözlərinə görə, günəşdən qoruyucu kremlərin D vitamini çatışmazlığı yaratdığı barədə yayılan fikirlər də həqiqəti əks etdirmir.

"İnsanlar günəşdən qoruyucu vasitələri adətən lazım olan miqdarda istifadə etmirlər. Buna görə də SPF kremlərinin D vitamini sintezini tam dayandırdığını demək doğru deyil", - deyə o qeyd edib.

Həkimlər xəbərdarlıq edirlər ki, günəş altında uzun müddət qalmaq günəş yanığı, susuzlaşma, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, dərinin vaxtından əvvəl qocalması, piqment ləkələri və dəri xərçəngi riskinin artması ilə nəticələnə bilər.

Əgər günəş vannasından sonra özünüzü pis hiss edirsinizsə, dərhal kölgə və ya sərin məkana keçmək, bol su içmək, bədəni tədricən sərinlətmək tövsiyə olunur. Güclü halsızlıq, yüksək hərarət, qusma, huşun bulanması və ya nəfəsalma çətinliyi yaranarsa, vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır. Çünki bu əlamətlər günvurma və ya istilik vurmasının göstəricisi ola bilər.

Mütəxəssislər günəş vannasını səhər saatlarında və ya axşamüstü qəbul etməyi, saat 11:00-dan 16:00-dək birbaşa günəş altında qalmamağı, ən azı SPF 30 qoruyucu kremdən istifadə etməyi, papaq və gün eynəyi taxmağı, həmçinin gün ərzində kifayət qədər maye qəbul etməyi məsləhət görürlər.

Dermatoloqun  fikrincə, qaralmış dəri estetik baxımdan cəlbedici görünə bilər. Lakin bu, sağlam dəri demək deyil. Günəşdən faydalanmaq üçün əsas şərt onun altında uzun müddət qalmaq deyil, təhlükəsizlik qaydalarına riayət etməkdir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!