Həmişə maskada gəzəcəyik – Həkim danışdı
02 İyl 2020 01:56
382

Həmişə maskada gəzəcəyik – Həkim danışdı

Koronavirus pandemiyası maskanı gündəlik həyatımızın ayrılmaz parçasına çevirdi. Bəzi mütəxəssislərsə maskaların önəmini azaldır, onun bizi qorumadığını iddia edir. Maraqlıdır, ümumiyyətlə, maskalardan düzgün istifadə edirikmi? Qoruyuculuğu necədir?

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı professor Adil Qeybulla sualları cavablandırıb.

- Doktor, deyilənə görə, mütəmadi maskadan istifadə edən insan daha az oksigen alır. Nəfəs alıb-verdiyimiz zaman ağzımızdan çıxan karbon dioksid maskaya yapışaraq geri qayıdır. Bu, doğrudurmu?

- Diffuziya edən havada karbon dioksidin konsentrasiyası çox aşağıdır. Orada elə bir karbon dioksid yoxdur. Söhbət dəm qazından yox, karbon qazından gedir. Karbon qazı bədəndən xaric olunur. Bəli, maska buna müəyyən maneə yaradır. Amma xəstəliyə tutulmaqdansa, maskada olmaq daha məqsədəuyğundur.

Avtobusda, metroda, başqa qapalı məkanlarda bu daha vacibdir. Digər tərəfdən, maskada gəzməyi həyat tərzinə çevirmək lazımdır. Gələn illərdə payız, qış mövsümündə soyuqdəymə, qrip, müxtəlif yuxarı tənəffüs yolları iltihabı olan xəstələr hamısı maskada gəzməlidir. Maska təkcə bu il üçün deyil, pandemiyanın dərsidir.

- Bəs mütəmadi maskadan istifadə sağlamlığımız üçün təhlükə yarada bilərmi?

- Söhbət hiperkapniyadan gedirsə, bu daha çox ağciyər problemləri olan xəstələrə aiddir. Əgər insan bir dəqiqə öz nəfəsini saxlaya bilirsə, deməli, onun ciyərlərində ciddi bir problemi yoxdur. Bu adamlar sərbəst maska taxa bilərlər.

Amma ciyərlərində bronxitial astma, pnevmoniya, vərəm və digər xəstəliyi olan insanlara maskada gəzmək çətindir. Belə adamların ümumiyyətlə karantin rejimi çərçivəsində evdə olmaları, təmaslardan yayınmaları məsləhətdir.

- Bir maskanın istismar müddəti nə qədərdir?

- Maskanın istifadə müddəti onun növündən asılıdır. Elə maskalar var ki, onları təkrar istifadə etmək mümkündür. Ən azından sabunlu suda isladıb, bir az sıxaraq asmaq olar. Belə olan halda viruslar məhv olur. Bu tip 2-3 maska olarsa, dəyişərək istifadə etmək mümkündür.

Amma cərrahi maskaların istifadəsi 30-40 dəqiqə müddətinə hesablanır. Maksimum 2 saat istifadə etmək olar. Bu da havanın temperaturu, insanın danışması, maskanın islanmasından asılıdır.

- Bəzi insanlar bildirirlər ki, tibbi maskalar çox nazikdir. Belə maskaların qoruyuculuğu nə qədərdir?

- Tibbi maskalar nazik də olsa, su damlalarının içəri keçməsinin qarşısını alır. Onların suyu özünə hopdurmaq effekti yoxdur. Cərrahi maskalar cərrahi əməliyyat zamanı da ağız-burun aerozolunun yaraya düşməsinin qarşısını almaq üçündür. Bunlar sınaqdan keçib.

Əlbəttə, maye çoxluğu zamanı maska islanıb, bayırdakı maye oraya daxil ola bilirsə, o, artıq qoruyucu funksiyanı itirmiş olur.   /Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər