YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Hindistan niyə Ermənistana silah satmağa qərar verdi... - Şərh

Hindistan niyə Ermənistana silah satmağa qərar verdi... - Şərh

Siyasət

30 Sentyabr 2022 00:15 722


Hindistanın Ermənistana silah satmağa qərar verməsi ciddi hadisədir.

Hindistan silahları təbii ki, Ermənistanın Azərbaycan qarşısında hərbi üstünlük qurmasına səbəb ola bilməz. (Hərçənd, kifayət qədər ciddi silah sistemlərindən söhbət gedir və bunu əhəmiyyətsiz saymaq olmaz.)

Burada məsələnin siyasi tərəfi daha önəmlidir.

Hindistan qüdrətli dünya dövlətlərindən biridir və yüksələn gücdür. İndiyə qədər Azərbaycanın xarici siyasətinin fəlsəfəsi bundan ibarət idi ki, bütün güc mərkəzləri (qlobal, regional) ilə mümkün olan ən yaxşı münasibətlər qurulsun, ən azı onların heç biri ilə ciddi problemlərin yaranmasına yol verilməsin, eyni zamanda onların bir-biri ilə, yaxud başqaları ilə konfliktlərində, rəqabətində tərəf tutulmasın, seçim edilməsin. Lakin indi bunun pozulmağa başladığını görürük.

Qoşulmama Hərəkatında iştirak və oradakı üzv ölkələrin ərazi bütövlüyümüzə birmənalı dəstəyini qazanmaq Azərbaycan hakimiyyətinin mühüm xarici siyasət uğuru kimi təqdim olunurdu. İndi isə bu təşkilatın ən güclü üzvü və qurucularından biri olan Hindistan Ermənistana mühüm silah sistemləri satmaq qərarına gəlib. Aydındır ki, bu, sadəcə, ticarət deyil, siyasi qərardır. Dehlinin bu qərarı Bakı üçün həyəcan siqnalıdır. (BMT-də Hindistan təmsilçisinin Azərbaycanı işğalçılıqda suçlamasını da unutmayaq.)

ABŞ Senatında Azərbaycana qarşı hazırlanan qətnamə (yaxşı ki qanun deyil) və onun həmmüəlliflərindən birinin nüfuzlu respublikaçı Marko Rubio olması da xoş xəbər sayıla bilməz. ABŞ-ın Qarabağ məsələsində əvvəldən bəri ədalətli mövqe tutmaması məlum məsələdir, amma Bakı indiyədək orada neqativ (həm hakimiyyət maraqları baxımından, həm Qarabağ məsələsi ilə bağlı) addımların qarşısını uğurla ala bilib və Vaşinqtonda həm respublikaçı, həm demokrat çevrələrlə kifayət qədər isti əlaqələr qurub. Amerikalılar da öz növbəsində Azərbaycanın çox mürəkkəb bir regionda yerləşdiyini sürəkli vurğulayaraq Bakının apardığı xarici siyasəti, Rusiyanın inteqrasiya layihələrinə qatılmayaraq müstəqilliyini qorumasını yüksək qiymətləndiriblər.

Lakin son aylarda, xüsusən 22 fevralda Moskvada imzalanan Müttəfiqlik Bəyannaməsindən sonra Qərb və Rusiya ilə münasibətlərdə təmin olunan uzun illik balansın da sanki pozulmaqda olduğu nəzərə çarpır. (Bu, müvəqqəti, konyuktur xarakterli ola bilər, o ayrı məsələ). Diqqət edirsinizsə, Azərbaycana səfər edən Rusiya rəsmi şəxsləri müttəfiqlik sənədinin həyata keçirilməsini davamlı vurğulamağa başlayıblar. Lavrovun səfəri zamanı bu məsələ onun İlham Əliyevlə görüşünün mediaya açıq hissəsində və Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında gündəmə gətirilmişdi. Dumanın sədri Volodin də 3 gün əvvəlki səfərində bu məsələni qaldırıb. Maraqlıdır ki, Volodinin səfərindən 1 gün sonra Lavrov Bayramovla telefon danışığında bir daha sənədin icrasının vacibliyinə işarə vurub.

Şübhə yoxdur ki, Moskva Bakıdan Bəyannamənin müddəalarına uyğun davranış gözləyir və konkret tələbləri var. Bu sənəddə Azərbaycanın suverenliyinə və müstəqilliyinə açıq-aşkar zidd müddəalar olduğunu yazmışdım. Qısaca xatırladım ki, həmin sənədə əsasən, Azərbaycan öz xarici siyasətində və iqtisadi siyasətində Rusiyanın maraqlarını nəzərə almalıdır.

Kifayət qədər mürəkkəb geosiyasi situasiya yaranıb. Həm Qərbi, həm Hindistanı əleyhimizə çevirmək fəlakət olar.

Şahin Cəfərli,

siyasi təhlilçi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!