“İcra başçılarının birinci müavinləri müxalifətçilər olsun“ - Maraqlı açıqlama
05 May 2020 00:07
401

“İcra başçılarının birinci müavinləri müxalifətçilər olsun“ - Maraqlı açıqlama

Son günlər icra hakimiyyəti başçılarının həbsindən sonra cəmiyyətdə ciddi müzakirələr başlanıb. İnsanlar hər həbsin digər icra başçılarına dərs olmamasını müzakirə edir və bunun səbəbləri ilə maraqlanırlar. Ağ Partiyanın başqanı Tural Abbaslı isə hesab edir ki, icra hakimiyyətlərində baş alıb gedən rüşvət və korrupsiyanı aradan qaldırmaq üçün ictimai nəzarət güclü olmalıdır.

Yenisabah.az xəbər verir ki, onun fikrincə, bunun üçün ən azından icra başçısı müavini vəzifəsinə müxalifətçilər gətirilməlidir: “Niyə icra hakimiyyətlərinin birinci müavinləri müxalifətçilər olmasın? Niyə icra hakimiyyətləri strukturlarına rəhbərlik müxalifət partiyalarının nümayəndələri arasından seçilmir? Ən azından bir nəzarət olar. İcra başçısı da bilər ki, onu təkcə DTX güdmür, müavini, bu strukturdakı digər müxalifətçilər də nəzarət mexanizmi həyata keçirirlər. Yanaşma dəyişmədikcə bu, həbslər davam edəcək. Operativ Qərargahda bir müxalifət nümayəndəsi, jurnalistin olmaması da bunun kimi. 3 milyard manat vəsaiti xərcləməli olan quruma nəzarət edənlər arasında jurnalistlər də olmalıdır, müxalifətçilər də. Kənd icra nümayəndələrinin üçdə biri müxalifət olsaydı, bir-birinə nəzarətli, hesabatlı olardı. İndiki halda icra başçıları yerlərdə özlərini xan kimi aparırlar”.

Müsahibimiz hesab edir ki, müxalifət daxilində indiki məmurlardan qat-qat savadlı, hazırlıqlı və vicdanı təmiz olan insanlar var. T.Abbaslının sözlərinə görə, əgər müxalifəti idarəetmədən tamamən kənar tuturlarsa, bu halda biz də monarxiyaya keçməliyik: “Demokratik dövlət qururuq deyiriksə, bunun qaydalarına riayət etməliyik. Müxalifət barədə xoşagəlməz fikirlər bildirənlərə də buradan sual verirəm ki, bəyəm müxalifət hakimiyyətdə olduğu 1 ildə hakimiyyətin son 30 ildə etdikləri qədərmi səhv edib? Türkiyədə dövlət büdcəsndən müxalifət partiyalarına vəsait ayrılır. Çünki bu sistemin yaşaması üçün bu partiyalar olmalı, rəqabət olmalıdır. Rəqabət olmayan yerdə inkişaf da ola bilməz”.

T.Abbaslı həmçinin vurğuladı ki, karantin dönəmində müxafət rəhbərlərinin hərəkətlərinə məhdudiyyət qoymaq düzgün qərar deyil. Onun sözlərinə görə, dərzilərə, MİS işçilərinə sərbəst hərəkət üçün icazə verilir, amma müxalifət liderlərinə yox: “Bu, hakimiyyətin müxaifətə qarşı atdığı digər səmimi addımları da sual altında qoyur. Müxalifətin bu günlərdə hərəkətinə məhdudiyyət qoyulması siyasi azadlıqların pozulması anlamına gəlir”.  /Musavat.com

Oxşar xəbərlər