YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
İllərdir xalqdan yardım toplayan MƏŞHURLAR: Onları kim müalicə etməlidir?

İllərdir xalqdan yardım toplayan MƏŞHURLAR: Onları kim müalicə etməlidir?

Şou

24 Noyabr 2022 12:45 14445


Xəbər verdiyimiz kimi ötən gün Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) İnstaqramda canlı yayım açaraq müalicəsi üçün yardım istəyib.

Aktrisanın bank hesabına canlı yayımda 13 min manat köçürülüb.

Ondan əvvəl Xalq artisti Könül Xasıyeva da xalqa müraciət edərək müalicəsi üçün 254 min manat toplamışdı.

Bəs  görəsən, sənət adamlarının müalicəsi üçün dövlət tərəfindən niyə yardım edilmir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktyor Allahverdi Yolçuyev bunun aidiyyatı qurumların işi olduğunu bildirib:

“Allah hər iki sənətçiyə şəfa versin. Onların hər iksi Azərbaycan mədəniyyətində yeri olan, sözlərini demiş, xalqın sevdiyi insanlardır. Mənə elə gəlir ki, bu tip mövzularda Mədəniyyət Nazirliyi məsələni Səhiyyə Nazirliyinə, yaxud Heydər Əliyev Fonduna yönləndirməlidir. Onlar bu qədər tədbirlərə maliyyə ayırırlar, hər halda, xalqın ehtiyac duyduğu vacib məsələlərə də dəstək göstərməlidirlər. Mənim Tünzaləyə də, Könülə də böyük hörmətim var. Bəzən sənət adamlarının bu cür yardımlara ehtiyacı olur, biri elə mən. İllərdir xəstəliyimlə baş-başa qalmışam. Əslində nazirlik nə isə etməlidir, amma etmirlər. Onlar əvvəla sənət adamlarını tanımalıdırlar, başa düşməlidirlər ki, bu adamlar kimdir, xalq üçün, Azərbaycan mədəniyyəti üçün nələr ediblər. Daha sonra sakit şəkildə, minnətsiz formada yardım etməlidirlər. Düşünürəm ki, bu yardım tək məşhurlara deyil, hər bir azərbaycanlıya ehtiyacı olduğunda edilməlidir. Hər hansı vətəndaş nəyəsə ehtiyac duyursa, birinci növbədə aidiyyatı qurumlar ona kömək etməlidir, artıq sonda çarə qalmayanda xalqdan kömək istəməlidirlər.  Fərqi yoxdur həmin şəxs Xalq artistidir, yaxud küçədəki süpürgəçi, onların hər biri Azərbaycan vətəndaşıdır və onları qorumaq, sağlamlıqlarının keşiyində dayanmaq dövlətin bilavasitə borcudur”.

Sənətçi öz səhhəti ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, ona müsbət bir cavab verilmədiyini deyib:

“Mən də vəziyyətimlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm. Amma faydasız olub, daşdan səs çıxır, onlardansa yox… Mən də artıq bununla barışmışam. Hər şeydən imtina etmişəm, daha efirlərə də çıxmıram. Özüm öz qulluğumda dayanıram. İnsan bir az pozitiv olmalıdır. İnsana insan olduğu üçün hörmət etmək lazımdır. İstər deputat ol, istər şöbə müdiri, istərsə Xalq artisti ol. Ona görə yox ki, filankəs Xalq artistidir, bu ada görə hörmət olunmalıdır, xeyr, bu düzgün yanaşma deyil.

Sosial verilişlərə azca baxmaq kifayət edir ki, görəsən ki, yardıma ehtiyacı olan nə qədər insan. Bunu dövlət qurumları öz boynuna götürməlidir. Bu adi bir hala çevrilməlidir. Sonda sözü deyən yenə dövlətdir, amma hərdən bu tərəfə də boylansalar hər şey daha yaxşı olar. Bir insanı yaşatmaq o qədər gözəldir ki, gecə də rahat yatırsan. O qədər adam var ki, fikirləşir ki, səhər nə edim, kimdən nə alım, kimin evini yıxım, pulumu nəyə xərcləyim?”

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!