İnsanların qənim kəsildiyi heyvanlar – Yava kərgədanları, oranqutanlar...  + ARAŞDIRMA
19 May 2020 12:15
442

İnsanların qənim kəsildiyi heyvanlar – Yava kərgədanları, oranqutanlar... + ARAŞDIRMA

Yer kürəsi 30 milyondan çox heyvan növünə ev sahibliyi edir. Lakin bu heyvan növlərinin bəziləri hazırda yox olmaq təhlükəsi ilə üz-üzədir. Burada isə əsas səbəbkar insandır. Heyvanların bəziləri xəzləri, bəziləri ətləri, bəziləri isə yağları üçün insanlar tərəfindən ovlanıb. Bəzi heyvanlar isə meşə yanğınları, qlobal çirklənmə və s. səbəbi ilə məhv olub. Yəni təbiətdə baş verən bir çox proses onların saylarının azalmasında aparıcı yer tutub. 

Yenisabah.az 2020-ci ildə dünyada ən çox nəsli kəsilmə təhlükəsi ilə üz-üzə qalan heyvan növlərini araşdırıb. Burada 10 növ aparıcı yer tutur: 

Yava kərgədanları. Yava kərgədanları ən çox təhlükə altında olan 10 heyvandan biri, hətta birincisidir. Dünyanın ən nadir böyük məməlilərindəndir. Təbiətdə 58- 68 arası Yava kərgədanı var, onlar əsarət altında yaşamırlar. Bildirək ki, bu heyvanlar tez-tez buynuzlarına görə ovlanıblar. Vyetnam Müharibəsi onların sayının azalmasında böyük rol oynayıb. Hazırda onlar sadəcə Yavanın cənub-qərbində yerləşən “Ujung-Kulon” Milli Parkında məskunlaşıb. Vyetnamdakı hissəsi isə 2010-cu ildə məhv edilib. 

Vaquita. Vaquita dünyanın ən nadir nəsli kəsilməkdə olan dəniz məməlisi hesab olunur. Təəssüf ki, gələcək onlar üçün olduqca qaranlıq görünür, çünki hazırda sadəcə 10 vaquita qalıb. Yalnız Meksikada, Kaliforniya körfəzinin şimal hissəsində yaşayırlar. Bir qayıq yanından sürətlə keçərsə, bu vaquitanın məhv olmasına səbəb olar. Son bir neçə ildə sayı şiddətli şəkildə azalıb. Balıq torları, xlorlu pestisidlər bu azalmada mühim rol oynayıb. 

Dağ qorillaları. Bu gün vəhşi təbiətdə 1063 dağ qorillasının mövcud olduğu düşünülür və gələcək bu nadir heyvanlar üçün daha parlaq görünür. 1981-ci ildən bəri qorilla sürüsü demək olar ki, iki dəfə artıb. 30 il əvvəl mütəxəssislər onların tezliklə məhv olacağından qorxurdular. Lakin intensiv qorunma səyləri sayəsində bunun qarşısı alınıb. Çirklənmə, yaşayış yerlərinin məhv edilməsi, insanlar arasında xəstəliyin yayılması, müharibə və vətəndaş iğtişaşları qorillalara mənfi təsir göstərib.Turistlərin ziyarət etmələri üçün iki dağ qorilla məskəni mövcuddur. Onlardan biri Mərkəzi Afrikanın Virunqa dağlarında üç milli parkda, digər isə Uqandada yerləşir. 

Pələnglər. XX əsrin əvvəllərində dünyada 100 mindən çox pələng yaşayırdı. Bu gün isə vəhşi təbiətdə təxminən 3 min 900 pələng mövcuddur. Yəni say şiddətli şəkildə azalıb. Hindistan pələngləri görmək üçün ən yaxşı ölkədir. Lakin bu heyvanları Banqladeş, Çin, Nepal, Sibirdə də görmək olar. 

Asiya filləri. Asiya filləri 1986-cı ildən bəri nəsli kəsilməkdə olan növ hesab olunur, çünki son 75 ildə onların sayı 50% azalıb. Hazırda 50.000-dən az Asiya fili var. Meşələrin qırılması və artan insan sayı fillərin yaşayış yerini məhv edir. Şri-Lanka, Hindistan və Sumatrada Asiya fillərini rast gəlmək olar. 

Oranqutanlar. Orangutan meymunları 2000-ci ildən bəri təhlükə altında olan heyvanlar sırasına əlavə olunub . Bir əsr əvvəl dünyamızda 230 mindən çox orangutan yaşayıb, lakin indi onların sayı yarıya qədər azalıb. Meşə yanğınları, ovçuluq və qeyri-qanuni heyvan ticarəti oranqutanların sayının azalmasında mühim rol oynayıb. 104 mindən çox Bornean orangutanı hələ də vəhşi təbiətdə yaşayır. Onları Malayziya və İndoneziyanın Borneo bölgəsində görmək olar. Sumatra adasında isə yalnız 14 min Sumatran orangutanı qalıb. 

Dəri kürəkli dəniz tısbağaları. Hər il 26 min ilə 43 min arası dişi dəniz tısbağası yuva qurur. Onların sayında 1980-ci ildə kəskin azalma müşahidə edilib. Dəniz tısbağaları inanılmaz dərəcədə həssasdır, çox az hissəsi yetkinlik yaşına çatır. Quşlar və kiçik məməlilər yumurtaları yemək üçün adətən tısbağaların yuvalarını uçururlar. Bu, onların sayının azalmasında mühim rol oynayır. Tısbağalar üçün ən yaxşı yuva yerləri Surinam, Fransız Qvianası, Sankt Lusiyadakı “Grand Anse” çimərliyi və Quyananın “Shell” çimərliyidir. 

Qar bəbirləri. Vəhşi qar bəbirlərinin sayının 4 080-6 590 arası olduğu təxmin edilir. Orta Asiyanın 12 ölkəsində - Çin, Butan, Nepal, Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Monqolustanda bu heyvana rast gəlmək mümkündür. 

İravadi delfinləri. Onların sayının 100-dən az olduğu deyilir. Bu delfinlər vəhşi təbiətdə inanılmaz mənzərə ortaya qoyurlar. Onları evində ziyarət etmək istəyənlər Asiyanın cənubuna doğru hərəkət etməlidirlər. 

Mavi tuna balığı. Mavi tuna balığının sayı son 40 ildə heyrətamiz dərəcədə azalıb. Hesabatlara görə, bu azalma şərq Atlantikasında 72%, qərbdə isə 82%-dir. Balıq ovu onların azalmasındakı əsas faktordur. Bu balıqları Braziliyadan Norveçədək bir çox ölkələrin sahillərində tapmaq mümkündür. Onlar hər il Aralıq dənizində və Meksika körfəzində qədər kürü tökürlər. 

Sayad Həsənli

İnsanların qənim kəsildiyi heyvanlar – Yava kərgədanları, oranqutanlar...  + ARAŞDIRMA
İnsanların qənim kəsildiyi heyvanlar – Yava kərgədanları, oranqutanlar...  + ARAŞDIRMA
İnsanların qənim kəsildiyi heyvanlar – Yava kərgədanları, oranqutanlar...  + ARAŞDIRMA
İnsanların qənim kəsildiyi heyvanlar – Yava kərgədanları, oranqutanlar...  + ARAŞDIRMA

Oxşar xəbərlər