"Vergi Məcəlləsinə yeni dəyişikliklər təklif olunur, rəqəmsal sahədə çalışanlar üçün pozitiv məsələdir, ciddi güzəştlər olacaq. Amma..."
"Yeni Sabah" xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, son 7 ildə Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə 50-dən çox ayrıca qanun qəbul edilib:
"Hörmətli Mikayıl Cabbarov 2019-cu ildə İqtisadiyyat Naziri təyin edildi, elə həmin il Vergilər Nazirliyi ləğv edilib İqtisadiyyat Nazirliyinə birləşdirildi – o zaman da qeyd etmişdik, doğru, məntiqli qərar idi. pizza
2019–2026-cı illər ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə 50-dən çox ayrıca qanun qəbul edilmişdir. Həmin qanunlar çərçivəsində bütövlükdə məcəlləyə edilən maddə, bənd və struktur səviyyəli fərdi dəyişikliklərin ümumi sayı 2000-dən çoxdur:
- 2019-cu il: Məcəlləyə təxminən 300-ə yaxın dəyişiklik və əlavə edilib. Qeyri-neft sektorunda gəlir vergisi güzəştləri və aksiz markalarının tətbiqi genişləndirilib,
- 2020–2021-ci illər: Pandemiyadan zərər çəkmiş sahələrə vergi tətillərinin verilməsi üçün 150-dən çox müddətli dəyişiklik qüvvəyə minib,
- 2022-ci il: Cəmi bir qanun çərçivəsində məcəllənin maddələrinə 270-dən çox düzəliş edilib,
- 2023–2024-cü illər: Qarabağda fəaliyyət göstərən sahibkarlar üçün 10 illik azadolmalar daxil edilməklə 200-dən çox yeni bənd və maddə əlavə edilib,
- 2025–2026-cı illər: Mikro sahibkarlığın tənzimlənməsi, "Üfüqi monitorinq" fəslinin daxil edilməsi və nağdsız dövriyyənin təşviqi ilə bağlı 300-dən çox maddə və bənd yenidən işlənib və indi də yeni təkliflərə görə onlarla maddədə yenidən dəyişikliklər olacaq".

İqtisadçı əlavə edib ki, ölkə üçün yeni, sıfırdan, çox sadə, cəmi 20-30 səhifəlik, aydın şəkildə anlaşılan Vergi Məcəlləsi lazımdır:
"Hörmətli hökumət üzvləri, Vergi Məcəlləsinin bu qədər tez-tez, köklü şəkildə dəyişdirilməsi (hətta bəzən pozitiv qaydaların tədbiqi olsa da) doğru deyil, iş adamlarının kabusudur, planlaşdırmaq, 3-5 illik planlar qurmaq olmur, çünki, “oyun qaydaları” tez-tez dəyişməsi ürküdür.
Dəfələrlə publik çıxışlarımızda demişdik ki, ölkə üçün yeni, sıfırdan, çox sadə, cəmi 20-30 səhifəlik, aydın şəkildə anlaşılan Vergi Məcəlləsi lazımdır. Məcəllə ancaq sahələr üzrə differensial vergi dərəcələrindən ibarət olmalıdır, paralel olaraq da hamı üçün illik vergi deklorasiyası prinsipi yaradılmalıdır.
Məsələn, kiçik sahibkarların, fiziki şəxslərin ƏDV-yə düşməyən dövriyyəsi 1 milyon manata qaldırılır, dövriyyədən 4% vergi verir, başqa heç bir ödəniş etmir.
Digər sahələr üzrə (hüquqi şəxslər), məsələn, İT sektoru dövriyyədən 1%, istehsalla məşğul olan 2%, tikinti 5%,, ticarət 8%, kafe-restoranlar (ictimai iaşə) 15% - fəaliyyə növünə görə (10-12 istiqamət müəyyən etmək olar), minimum 1%, maksimum 15% olmaqla ancaq dövriyyədən vergi sistemi tədbiq edilməlidir. Sadə, bəsit, anlaşılan, iqtisadiyyatı kəskin artıracaq yeni vergi məcəlləsinin fəlsəfəsi, prinsipi belə olmalıdır.
Hər il bu yazıq məcəlləni dəlmə-deşik etməkdənsə, bir ciddi qərar verin – elan edin ki, məsələn, 2027-ci ildən yeni, sıfırdan vergi məcəlləsi qəbul ediləcək və “dəyirmi masa” təşkil edin, müzakirə edək, ölkəni bu ağır iqtisadi durumdan çıxartmağa çalışaq..."
Nazim Hacıyev
Telegram kanalımız