Yay fəslində havanın temperaturunun 35-40 dərəcəni keçməsi təkcə insan sağlamlığına deyil, avtomobillərə də ciddi təsir göstərir.
“Yeni Sabah” xəbər verir ki, xüsusilə uzun müddət günəş altında qalan nəqliyyat vasitələrində mühərrikin qızması, akkumulyatorun sıradan çıxması, təkərlərin partlaması və kondisioner sistemində nasazlıqlar daha çox müşahidə olunur.
Bəs isti havalarda avtomobillərdə ən çox hansı problemlər yaranır? Sürücülər nələrə diqqət etməlidirlər? Sezar pizza
Avtomobil ustalarının sözlərinə görə, yay aylarında servislərə müraciətlərin böyük hissəsi mühərrikin normadan artıq qızması ilə bağlı olur.
Soyutma sistemində antifrizin azalması, radiatorun çirklənməsi və ya ventilyatorun düzgün işləməməsi mühərrikin temperaturunun yüksəlməsinə səbəb olur. Bu isə vaxtında aradan qaldırılmasa, mühərrikdə ciddi və bahalı təmir tələb edən nasazlıqlar yarana bilər.
İsti havalarda ən çox istifadə olunan sistemlərdən biri kondisionerdir. Mütəxəssislər bildirirlər ki, kondisionerin soyutma qabiliyyətinin zəifləməsinin əsas səbəbləri freonun azalması, filtrin tutulması və kompressorun yüklənməsidir. Sürücülərə kondisioneri yalnız problem yarananda deyil, mövsüm başlamazdan əvvəl də yoxlatdırmaq tövsiyə olunur.
Bir çox sürücülər akkumulyator problemlərinin yalnız qış aylarında yarandığını düşünsə də, əslində yüksək temperatur da onun ömrünü qısaldır.
İsti hava akkumulyatordakı mayenin daha tez buxarlanmasına, daxili hissələrin sıradan çıxmasına və enerji saxlama qabiliyyətinin azalmasına səbəb ola bilər.
Yay aylarında magistral yollarda təkər partlaması halları da artır. Buna əsas səbəblərdən biri isti asfaltın təkərlərdə təzyiqi yüksəltməsidir. Əgər təkərlər normadan artıq şişirdilibsə və ya protektoru köhnəlibsə, yüksək sürətdə partlama riski xeyli artır.
Uzun enişli yollarda və intensiv hərəkət zamanı əyləc sistemi həddindən artıq qızır. Bu zaman əyləc məsafəsi uzana, əyləc mayesi qaynama nöqtəsinə çata və sistemin effektivliyi azala bilər.
Birbaşa günəş şüaları avtomobil salonuna da mənfi təsir göstərir. Uzun müddət açıq havada qalan avtomobillərdə sükan, ön panel, oturacaqlar və plastik hissələrdə çatlar, rəng solması və deformasiya yarana bilər. Salonun temperaturu isə bəzi hallarda 60-70 dərəcəyə qədər yüksələ bilir.
Kondisionerin daimi işləməsi mühərrikə əlavə yük salır. Nəticədə yanacaq sərfiyyatı da artır. Xüsusilə şəhərdaxili sıx hərəkətdə bu fərq daha çox hiss olunur.
Mütəxəssislər yay mövsümündə avtomobil sahiblərinə aşağıdakı məqamlara diqqət yetirməyi tövsiyə edirlər:
Antifriz səviyyəsini mütəmadi yoxlayın;
Radiator və soyutma sistemini təmiz saxlayın;
Kondisionerə mövsümi texniki baxış etdirin;
Təkərlərin hava təzyiqini normaya uyğun saxlayın;
Akkumulyatorun vəziyyətini yoxladın;
Mümkün olduqda avtomobili kölgədə saxlayın və ön şüşə üçün günəşlikdən istifadə edin;
Uzun yola çıxmazdan əvvəl avtomobili texniki baxışdan keçirin.
Aydan Hacı
Telegram kanalımız