İysiz və rəngsizdir, 7 dəqiqədə adamı öldürür  - EVİMİZDƏKİ TƏHLÜKƏ

İysiz və rəngsizdir, 7 dəqiqədə adamı öldürür - EVİMİZDƏKİ TƏHLÜKƏ

Sosial Veb saytların hazırlanması

05 Dekabr 2023 00:51 2038


Dəm qazı günümüzün acı bəlasına çevrilib. Hər gün analoji hadisədən zəhərlənmə və ölüm halları yaşanır. Bu hal xüsusilə soyuq havalarda özünü büruzə verir. Maraqlıdır, evimizdəki gizli düşməndən özümüzü necə qoruya bilərik? Hansı məqamlara diqqət etmək bizi bu bəladan sığortalayar?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bir sıra önəmli məqamlara toxunub:

“Payız-qış aylarında havaların soyuq keçməsi istiliyə olan təlabatı və qızdırıcı qurğulardan istifadəni artırır. Belə cihazları istifadə edərkən bir sıra vacib məqamlara diqqət etməliyik. İlk növbədə, standartlara cavab verən, sertifikasiyası olan məhsullardan istifadəni seçmək lazımdır. Sexdə kustar üsulla istehsal edilən qızdırıcılardan istifadə insan həyatını təhlükə qarşısında qoyur. Lakin iş bununla bitmir. Həmin qızdırıcının quraşdırılma məqamı da önəmlidir. Bu qurğuların quraşdırılması yalnız peşəkar şəxslər tərəfindən həyata keçirilməlidir. Peşəkar şəxslər deyəndə, bu işlə məşğul olan və rəsmi akreditasiyadan keçən müəssisənin əməkdaşları nəzərdə tutulur. Bu kimi cihazların dost-tanış ya da qonşuda olan şəxslər tərəfindən quraşdırılması tövsiyə edilmir. Çünki həmin proses zamanı müəyyən təhlükəsizlik qaydalarına əməl edilməlidir”.

Ekspert hansı hallarda məkandaxilinə yerləşdirilən qızdırıcıların təhlükəli olduğundan da danışıb:

“Açıq oddan istifadə edilən qızdırıcıların quraşdırılması zamanı otağın həcminə diqqət etmək ən vacib qaydadır. Hündürlüyü 2-3 kvadrat metrdən az olan, plastik qapılı hamamlarda bu kimi qurğuların yerləşdirilməsi təhlükəlidir. Əgər bu qurğu daxildə quraşdırılırsa, bu zaman otaqda havalandırma sistemi, nəfəslik və qapının aşağı hissəsində xırda dəliklər olmalıdır. Digər önəmli bir məsələ, tüstü bacalarının təmizlənməsidir. Bəzən insanlar bu məqamı nəzərə almırlar. Lakin illərlə təmizlənməyən tüstü bacalarında olan zəhərli maddələr küləkli havalarda məkanın içinə toplanır. Bu zaman yanma prosesi pozulur. Nəticədə iysiz və rəngsiz olan dəm qazı içəri dolur və 7 dəqiqədə insan həyatına son qoyur”.

Mütəxəssis bildirir ki, qızdırıcı qurğuların ən təhlükəsizi kombilərdir:

“Hər gün dəm qazından ölüm hallarının baş verməsi xəbərləri ilə qarşılaşırıq. Bunun səbəbi qızdırıcılarla bağlı təhlükəsizlik məsələlərinə düzgün riayət etməməkdir. Əksər ölüm hadisələri açıq oddan istifadə olunan qızdırıcıların quraşdırıldığı məkanlarda yaşanır. Ola bilməz ki, evində yaxud hamam otağında kombi quraşdıran şəxsin başına belə bir hadisə gəlsin. Buna görə, kombilər daha təhlükəsizdir”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!