Kılıçdaroğlunu onlardan biri əvəz edə bilər - Müxalifətdə yeni lider

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğlunu onlardan biri əvəz edə bilər - Müxalifətdə yeni lider

Siyasət

17 May 2023 11:14 2505


Mayın 14-də Türkiyədə keçirilmiş prezident seçkilərində müxalif CHP-ni təmsil edən Kemal Kılıçdaroğlunun əzəli rəqibi, AKP sədri, Prezident Rəcəb Tayyip Ərdoğandan 5% geridə qalması Türkiyə ictimaiyyətində müzakirələrə səbəb olub. 

Milliyyətçi kəsimi təmsil edən Sinan Oğanın “Millət İttifaqı” haqqında söylədiyi “əgər müxalifət zəlzələ və 20 illik AKP iqtidarından sonrakı seçkilərdə əzici çoxluğu əldə edə bilməyibsə, deməli, problem onların daxilindədir” fikri də seçki sonrası müxalif cəbhədə əsəblərin necə gərildiyini göstərir.

Deniz Baykalın dönəmində CHP-nin stajlı üzvlərindən biri olan, Türkiyənin sabiq dövlət naziri Mehmet Sevigenin 2021-ci ildə CHP sıralarından çıxması, bununla yanaşı, Kılıçdaroğlunun ətrafında olan sabiq AKP-çilərdən Ahmet Davutoğlu və Ali Babacan barəsində vaxtilə söylədiyi sözlər partiyadaxili problemlərin və çatların getdikcə böyüdüyünü göstərir. Hansı ki bunu Sevigenin özü də qeyd etmişdi. 

Mustafa Kamal Atatürkün ideologiyasından uzaqlaşan CHP liderinin Ərdoğan iqtidarını demokratik yolla devirmək üçün PKK-nın siyasi qolu sayılan HDP/YSP ilə kompromislər əldə etməsi, eləcə də onun Selahattin Demirtaşa azadlıq vəd etməsi Kılıçdaroğlunun Türkiyədəki milliyətçi-mühafizəkar kəsim ilə yanaşı sosial-demokrat olan bəzi CHP-çilərin də tənqidlərini qazanmasına səbəb oldu. 

Qeyd edək ki, 2010-cu ildən partiyaya rəhbərlik edən Kılıçdaroğlu bu günə qədər ümumilikdə 8 seçkidə məğlub olub. 13 ildir ki, partiya sədrliyindən vaz keçməyən Kılıçdaroğlu üçün 2023 seçkilərinin sonuncu olacağı bildirilirdi. Onun CHP-nin başına keçəndən bəri yeganə uğurları isə 2019 bələdiyyə seçkilərində Ankara, İzmir və İstanbul kimi şəhərlərdə təşəbbüsü əlinə alması olub ki, hazırda CHP-nin siyasi kuluarlarında artıq bu qələbənin də bir anlamı qalmayıb. 

Xatırladaq ki, bundan öncəki yazımızda CHP-nin iqtidar olması təqdirində İYİ Partiyanın ana müxalifət olmaq iddiaları ilə yanaşı, eks-AKP-çilərin və siyasi-islamçı SAADET üzvlərinin bu qələbə tortundan hansı dilimi götürəcəyini yazmışdıq. Lakin görünən odur ki, proses müxalif cəbhənin arzuladığı kimi getmir. 

Mart ayında “Millət İttifaqı”nın vahid namizədini elan etməsindən dərhal sonra İYİP sədri Meral Akşenerin masadan ayrılması da artıq Kılıçdaroğlu erasının CHP-dəki sütunlarının çökməsi anlamına gəlirdi. Türkiyənin bugünkü seçki xəritəsinə baxanda da görünən odur ki, ölkənin şərqindəki kürd əhalisinin səsləri ilə yanaşı, sahilyanı ərazilərdə qələbə çalan CHP hər zaman olduğu kimi Mərkəzi Anadolu vilayətlərində bu istəyinə nail ola bilmədi. Siyasi-islamçı, habelə mühafizəkar Ərdoğan hakimiyyətinə qarşı “saray çevriliş”i etmək isə Kılıçdaroğlunun gücünün kənarında qalan bir amil olaraq qiymətləndirilib. 

K.Kılıçdaroğlu və CHP-nin sonrakı durumuna gəldikdə isə bu gün analitiklər tərəfindən CHP-nin başına keçəcək namizədlər sırasında 2 nəfərin adı çəkilir: bunlardan biri şoumen və novator xüsusiyyətləri ilə tanınan, gəncliyə xitab edən İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Ekrem İmamoğlu, digəri isə daha “ağırtaxtalı” dövlət adamı kimi xarakterizə edilən Ankara Böyük Şəhər Bələdiyyəsinin başqanı Mansur Yavaşdır.

Lakin onların da indiki məqamda partiyaya sədrlik edəcəyi real görünmür. Çünki böyük bir şəhərin meri olmaq bugünkü Türkiyə standartlarında 100 illik bir partiyaya sədrlik etməkdən daha asan və daha prestijlidir. Yəni 2024-cü ildə keçiriləcək olan bələdiyyə seçkilərinə qədər nə M.Yavaşın, nə də E.İmamoğlunun bu vəzifəyə gələcəyi inandırıcı deyil. Lakin onların mayın 28-də keçirilməsi planlaşdırılan ikinci turda Kılıçdaroğlunun Prezident Ərdoğanla arasındakı 5%-i azaltmaq üçün dəridən-qabıqdan çıxacağı gözləniləndir.

Hadisələrin yekun nəticəsi isə onu deməyə əsas verir ki, seçkini uduzan lider və partiya böyük bir sükuta və səssizliyə qapılmağa məhkum olacaq. Daha aydın təsəvvür etsək, CHP bu seçkiləri də AKP-yə qapdırsa, artıq Kılıçdaroğlunun partiya sədri kimi postunda qalmasının anlamı olmayacaq. Yaxud əksi olarsa, eyni halın AKP-də olacağı da istisna edilmir. Amma CHP-dəki adlardan fərqli olaraq AKP-də kimin Ərdoğanın varisi olacağı sualı hələ də müəmmalı olaraq qalmaqdadır.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!