Ermənistanın ikinci prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Köçəryan ilə bağlı diqqətçəkən məlumat yayılıb.
“Yeni Sabah” xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Robert Köçaryan Yerevandakı Zvartnots hava limanından ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun Ermənistan sərhədini keçməsinə icazə verilməyib.
Məlumata görə, hadisədən bir neçə saat əvvəl Köçəryanın ofisi onun üç günlük müddətə ölkədən gedəcəyini açıqlamışdı. Bildirilirdi ki, səfər şəxsi xarakter daşıyır və hələ bir müddət əvvəl planlaşdırılıb. Lakin sonradan yayılan məlumatlarda sabiq prezidentin hava limanında ölkədən çıxışına mane olunduğu qeyd edilib. pizza hut
Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan jurnalistlərə açıqlamasında baş verənləri “gözlənilən hadisə” adlandırıb. Onun sözlərinə görə, səfər barədə əvvəlcədən məlumat verilsə də, heç bir rəsmi izahat təqdim edilmədən eks-prezidentin ölkədən çıxışına qadağa qoyulub.
Hadisə Ermənistanın siyasi gündəmində gərginliyin artdığı bir vaxtda baş verib. İyunun 7-də keçirilən parlament seçkilərindən sonra müxalifət düşərgəsində narazılıqlar davam edir. Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku seçkilərdə iştirak edən əsas müxalif qüvvələrdən biri olub.
Erməni mediası qeyd edir ki, son günlər digər müxalif siyasətçilərlə bağlı da oxşar məhdudiyyətlər tətbiq olunub. Bununla belə, Köçəryanın ölkədən çıxışına niyə icazə verilmədiyi barədə Ermənistanın hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Robert Köçəryan 1998–2008-ci illərdə Ermənistan prezidenti olub və hazırda ölkədəki əsas müxalif siyasi fiqurlardan biri hesab edilir.
Telegram kanalımız