“Laçın dəhlizi”: Ermənilərin nəfəs aldığı keçid...
26 Okt 2020 11:58
29849

“Laçın dəhlizi”: Ermənilərin nəfəs aldığı keçid...

““Laçın dəhlizi” düşmənin nəfəs aldığı iki nöqtədən biridir. Bu baxımdan, “Laçın dəhlizi”nin nəzarətə götürülməsi Azərbaycan fövəqladə əhəmiyyət daşıyır”. 

Bu sözləri Yenisabah.az-a təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Qarabağda gedən döyüşləri dəyərləndirərkən bildirib.

Ekspert əlavə edib ki, Ermənistan əsasən “Laçın dəhlizi” vasitəsilə Dağlıq Qarabağdakı separatçıları təchiz edir. “İki yol var: Kəlbəcərdən və Laçından. İlin bütün fəsillərində daha rahat yol “Laçın dəhlizi”dir. Əgər “dəhliz” nəzarətə götürülsə, o zaman Ermənistanla Dağlıq Qarabağdakı separatçıların kommunikasıyası kəsiləcək. Yəni Ermənistan onları təchiz etməkdən məhrum edəcək. Bu isə separatçıların birmənalı məğlubiyyəti deməkdir”, - deyə İlham İsmayıl vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusunun da  “dəhliz”i nəzarətə götürmək üçün hərəkətə keçdiyi müşahidə olunur. “Hələ Cəbrayıl, Füzuli və Qubadlının işğaldan azad olunmayan kəndləri var. Amma ordumuz artıq “Laçın dəhlizi”nə yaxın əraziləri nəzarətə götürüb. Bu da “dəhliz”in nə dərəcədə əhəmiyyətli olduğunu göstərir”, - deyə həmsöhbətimiz vurğulayıb.

İlham İsmayıl “Vaşinqton görüşü”ndən sonra əldə olunan humanitar atəşkəslə bağlı da fikirlərini açıqlayıb. “İki dəfə atəşkəs əldə olunub, hər ikisini də Ermənistan tərəfi pozub. Bu artıq üçüncü humanitar atəşkəsdir. Gələn məlumatlar göstərir ki, Ermənistan tərəfi yenə də razılaşmaya əməl etmir. Bu da İrəvanın münaqişəni sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Digər tərəfdən, Azərbaycanın döyüşləri dayandırmaq üçün şərti var. Bu şərti ölkə başçısı dəfələrlə səsləndirib. Söhbət Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından gedir. Bu baş verəcəyi təqdirdə əlbəttə ki, döyüşlər dayanacaq. Sonra isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mədəni muxtariyyətdən söhbət gedə bilər”, - deyə İlham İsmayıl bildirib.  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər