Lukaşenkonun Bakıya qəfil səfərinin pərdəarxası 
15 Apr 2021 17:40
1356

Lukaşenkonun Bakıya qəfil səfərinin pərdəarxası 

Aprelin 13-14-də Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri baş tutub. Əksər müşahidəçilər səfərin uzunmüddətli planlaşmanın nəticəsi olmadığı, Lukaşenkonun təşəbbüsü əsasında qəflətən baş tutduğu qənaətindədirlər. Belarus prezidentinin Bakı səfərində məqsədi nə idi? Azərbaycanla Belarus arasında münasibətlərin hansı müstəvidə inkişafına kəskin ehtiyac yaranmışdı ki, bilavasitə prezidentin səfərini zəruri etmişdi?

Qeyd edək ki, Lukaşenko Bakıya 13-ü axşamüstü çatıb. Elə həmin gün saat 19.00-da onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi görüş başlayıb və Rusiya mətbuatının yazdığına görə, prezidentlərin söhbəti düz 5 saat çəkib.

Maraqlıdır ki, Rusiya mətbuatı Belarus prezidentinin Azərbaycan səfərinə kifayət qədər geniş yer ayırır. Bu zaman əsas diqqət yetirilən məqamlardan biri Belarusun Azərbaycandan neft alışını artırmaq niyyətidir. A.Lukaşenkonun səfərindən bir gün öncə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkoy bəyan edib ki, ölkəsi 2021-ci ildə Azərbaycandan 1 milyon ton neft alacaq: “Bu il üçün 1 milyon ton planlaşdırılıb. Bu günədək artıq 270 min ton tədarük olunub. 90 min ton neft daşıyan tanker hazırda yoldadır”.

Səfir əlavə edib ki, Azərbaycan ötən il Belarusa 800 min ton neft tədarük edib.

Rusiya mətbuatı Azərbaycanın başdan-ayağa Rusiya silahı ilə silahlanmış Ermənistanı biabırçı məğlubiyyətə uğratmasınndan sonra Bakının Belarusdan silah və hərbi texnika almasından da narahatlıq keçirməkdədir. Rusiyalı politoloq Andrey Suzdaltsev isə hesab edir ki, Belarus prezidentinin Bakı səfərində əsas məqsəd maliyyə dəstəyi almaqdır: “Lukaşenko hazırda cidd-cəhdlə pul axtarır. Azərbaycan isə onun gedə və hansısa razılaşmalar imzalaya biləcəyi çox az ölkələrdən biridir”. Politoloq deyir ki, Bakı hazırkı şəraitdə Belarusa yalnız bir neçə yüz milyon dollar, özü də qaytarmaq şərtilə verə bilər: “Lakin Lukaşenkoya bu məbləğ azdır, ona bir neçə milyard dollar lazımdır, özü də qaytarılmamaq şərtilə”.

Azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Bakı Belarusun neft və maliyyə ehtiyaclarının bir hissəsini qarşılaya bilər: “Hazırda ağır problemləri olan Belarusa neft və pul lazımdır. Bunların hər ikisi Azərbaycanda var. Nəzərə alsaq ki, Ermənistanla apardığımız müharibədə Belarus birmənalı olaraq Azərbaycanı dəstəkləyib, bu zaman Bakının çətinlikdə olan Minskə dəstək verməsində qeyri-adi heç nə yoxdur. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində Ermənistanla müttəfiq olmasına rəğmən, 2016-cı ilin aprel hadisələrində də, 44 günlük Vətən müharibəsində də Azərbaycanı dəstəkləyib. İndi Aleksandr Lukaşenkonun münaqişə həll olunduqdan sonra Bakıya səfər etməsi göstərir ki, bu dəstək davam edir”.

Ekspert xatırladır ki, bir neçə il əvvəl də Belarusun ehtiyacı olanda Azərbaycan ona kredit ayırıb və artıq verilən vəsait geri də qaytarılıb: “Belarusun böyük neftayırma zavodları var, onları təmin etmək üçün neft almalıdır. Azərbaycanın da nefti var və onu satmaq üçün müştəri tapmalıdır. Bu baxımdan, Bakının Belarusa daha çox neft satması da, müəyyən maliyyə dəstəyi göstərməsi də mümkündür. Əlbəttə, münasib şərtlər daxilində”. /Musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər