Mədəni kontekstdə Azərbaycan - Özbəkistan münasibətləri

saytların hazırlanması

Evə çatdırılma

Mədəni kontekstdə Azərbaycan - Özbəkistan münasibətləri

Siyasət

30 Dekabr 2025 15:49 1886


İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb.

Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabr ayının 2-də qurulmuşdur.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərin  mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq, alim Faiq Ələkbərli deyib ki, Azərbaycan türklərinin və özbəklərin milli kökü, varlığı, dili və ədəbiyyatı demək olar ki, eynidir:

“Azərbaycan və Özbəkistan əlaqələrinin tarixi olduqca qədimdir. Hər iki xalq türkdilli xalqlardır və eyni tarixi kökə malikdir. Bütün dövrlər ərzində istər ədəbiyyatımız, istər fəlsəfəmiz, istərsə də mədəniyyətimiz bir olub. Bizim üçün Nizami Gəncəvinin dəyəri nədirsə, Əlişir Nəvai də odur. 20-ci 90-cı illərində Azərbaycan və Özbəkistan öz müstəqilliklərini bərpa etdi. SSRİ dağıldıqdan sonra, Bakı və Daşkənd arasındakı münasibətlər daha da müsbət istiqamətdə inkişaf edib. Azərbaycanın bir çox alimləri, o cümlədən Yusif Vəzir Çəmənzəminli, Maqsud Şeyxzadə kimi şəxsiyyətlər Özbəkistanda yaşayıb, fəaliyyət göstərib. Hətta Maqsud Şeyxzadə hər iki xalqın doğma övladı hesab olunur. İslam Kərimovun Özbəkistana rəhbərlik etdiyi dövrdə bu ölkə nisbətən qapalı siyasət yürüdürdü. Ancaq son illər, Şavkat Mirziyoyev Özbəkistan prezidenti seçildikdən sonra, münasibətlər daha da müsbət istiqamətdə inkişaf etməkdədir. Azərbaycan türklərinin və özbəklərin milli kökü, varlığı, dili və ədəbiyyatı demək olar ki, eynidir.  Bu isə ona imkan verir ki, hər iki qardaş xalq bir-biri ilə daha da yaxınlaşsın və münasibətlərini inkişaf etdirsin. Ötən ildən etibarən, Azərbaycan və Özbəkistan münasibətlərində daha da yaxınlaşma özünü göstərir”. 

Alim qeyd edib ki, AMEA iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün ciddi işlər görməkdədir:

“İstər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də Türksoy və digər qurumlar çərçivəsində Bakı-Daşkənd münasibətləri həm ikitərəfli, həm də türk dövlətləri olaraq inkişaf edir. Azərbaycan Milli Elmlər Akademiyası da mədəni əlaqələrin inkişafın çox mühüm rol oynayır. Eləcə də, Fəlsəfə və Sosiologiya İnstitutunda 1 ildən çoxdur ki, türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsi fəaliyyət göstərir. Mən özüm həmin şöbənin müdiriyəm və biz özbək fəlsəfəsinin, fəlsəfə tarixinin öyrənilməsi istiqamətində bir çox işlər görürürük. Buraya bir çox məqalə və kitabların nəşri, eyni zamanda ortaq konfransların keçirilməsi daxildir. Bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!