Türkiyədə məşhur şəxslərin narkotikdən istifadəsi ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində həbs edilən jurnalist Mehmet Akif Ersoyun keçmiş həyat yoldaşı, Show TV Ana Xəbərlər aparıcısı Pınar Erbaşın telekanaldakı işinə xitam verilib.
“Yeni Sabah” xəbər verir ki, P.Erbaş sosial şəbəkə hesabında paylaşım edərək əvvəlcə məzuniyyətə göndərildiyini, daha sonra isə Show TV-yə geri dönüşünün mümkün olmadığı barədə rəsmi məlumat aldığını bildirib.
Onun sözlərinə görə, televiziya rəhbərliyi keçmiş həyat yoldaşı ilə bağlı xəbərləri təqdim etməsini istəmir. İşdən çıxarılma qərarını da bununla əsaslandırıblar. Dördpendirli pizza
Pınar Erbaş bu qərarı “böyük haqsızlıq” adlandıraraq, “keçmiş həyat yoldaşı” olmağın əsas gətirilməsinin cinayətin fərdiliyi prinsipinə zidd olduğunu vurğulayıb.
15 illik peşə fəaliyyətinə toxunan məşhur xəbər aparıcısı bildirib ki, karyerasını təcrübəçilikdən aparıcılığa qədər bütün mərhələləri zəhmətlə, peşəkar və etik prinsiplərə sadiq qalaraq qurub:
“Karyera mənimdir. Təkbaşına qurdum. Yenə də qura bilərəm. Amma çox heyrət içindəyəm və inciyəm”, o, sosial media hesabında bildirib.
Xatırladaq ki, Pınar Erbaşın keçmiş həyat yoldaşı Mehmet Akif Ersoy İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində narkotiklə bağlı cinayətlər üzrə ittiham olunaraq həbs edilib. O, narkotik maddələrin istifadəsi üçün yer və şərait yaratmaqda, cinayətkar qrup yaratmaq və idarə etməkdə, maddi mənfəət əldə etmək məqsədilə cinayət törətməkdə təqsirli bilinir.
İlhamə Qasımlı
Telegram kanalımız