Koronavirusun ardından meymunçiçəyi xəstəliyinin artması insanları qorxuya salır. Yeni virusun dünyanın 100-ə yaxın ölkəsində aşkarlaşdığı bildirilir. Maraqlıdır ki, qonşu ölkələrdə də aşkar olunan virus hələ ki, Azərbaycan sərhədlərini keçə bilməyib.
Bu barədə “Yeni Sabah”a danışan infeksionist Mərdan Əliyev deyib ki, meymunçiçəyi dünyanın bir çox ölkəsində aşkar olunsa da irihəcmli pandemiyaya dönüşməsi gözlənilən hal deyil:
“Bildiyimiz kimi, xəstəlik qonşu ölkələrdə, Gürcüstanda, Türkiyədə və bu yaxınlarda da İranda aşkar olundu. Ancaq bu hallar tək-təkdir. Yəni Türkiyədə iki, Gürcüstanda bir və İranda da bir hal. Bunlar da Avropa və Afrika ölkələrinə gedib gələnlər idi, orada yoluxmuşdlar. Ona görə də, qonşu ölkələrdə tək-tək bu hadisələrin olması bu gün bu xəstəliyin ölkəmizdə də yayılacağı demək deyil. Qonşu ölkələrdə çox yayılarsa, o zaman bizə gəlmək ehtimalı artır. Dördpendirli pizza
Bu xəstəlik koronavirus kimi sürətli artan xəstəlik deyil. Ona görə də yoluxma az hallarda baş verir. Bu xəstəliyin koronavirusdan bir fərqi də odur ki, koronavirus kimi simptomsuz xəstəlik deyil. Koronanı əsas yoluxduranlar simptomsuz xəstələr idi. Xəstə zahirən sağlam görünürdü, ancaq yoluxmuşdu. Onlara virusun daşıyıcıları da deyirik. Belə olanda da, bu digərlərini asanlıqla yoluxdura bilirdi.
Meymunçiçəyində isə simptomsuz gediş yoxdur. Bu xəstəliyin daşıyıcısını kənardan seçə və özümüzü bundan qoruya bilirik. Yoluxmanın zəif olmasının səbəblərindən biri də bununla əlaqəlidir. İnsanlar özlərini qoruya bilir və xəstə özünü təcrid edir. Tək-tük hadisələr qonşu ölkələrdəki kimi baş verə bilər. Bu da təsadüfən çox yayılan ölkələrə gedib gəlmiş insanlar arasında ola bilər. Ancaq xəstəliyin yayılması halı real deyil”.
Mərdan Əliyev virusla bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirərək deyib ki, xəstəlik bir tək kişilər arasında yayılmır: “Avropada bu xəstəlik cinsi əlaqə yolu ilə yoluxdu və sürətlə artdı. Cinsi əlaqə zamanı dərinin və tənəffüs yollarının yaxın təmasda olması onun yoluxmasına gətirib çıxardı.
Bu xəstəliyin kişilərdə yayılmasının səbəbi əsasən Avropa ölkələrində müəyyən seks şənliyi adətlərinin olmasıdır. Həmin şənliklərə daha çox kişilər gedirdilər. Daha çox da homoseksullar arasında rast gəlinmişdi ilkin olaraq. Bunun nəticəsində belə düşünüldü ki, bəlkə bu cinsi əlaqə yolu ilə yayılan xəstəlikdir. Ancaq yox. Həmin vaxtlarda Afrikadan gedib gələn vətəndaşlardan o şənliklərdə iştirakı nəticəsində yoluxmalar baş verdi. Yəni yalnız kişilərdə rast gəlinmir. Eyni dərəcədə həm kişilərdə, həm qadınlarda rast gəlinən bir xəstəlikdir.
Bu xəstəlik sırf təmas yolu ilə yoluxur. Yəni dərinin dəriyə təması olmalıdır. Bu zaman dəridə suçiçəyinə bənzər səpkilər olur. Lakin səpkilər daha böyük olur. Həmin səpkinin daxilindəki mayenin içində çoxlu miqdarda viruslar olur. Həmin xəstəliyə sahib şəxsin dərisi ilə təmasda olduqda yoluxma halı yaranır. Az hallarda tənəffüs yolları ilə də yayılması müşahidə edilə bilər. Xəstəliyin daşıyıcısı ilə uzun müddət üz-üzə oturub danışsaq tənəffüs yolu ilə yoluxma ehtimalı artır.”
Həkim bildirir ki, ölkəmizdə bu xəstəliklə bağlı narahatlığa ehtiyac yoxdur:
“Azərbaycanda bu xəstəliklə bağlı panikaya ehtiyac görmürəm. Çünki o qədər də güclü yoluxan bir xəstəlik deyil. Artıq bir neçə ay öncə qonşu ölkələrdə aşkarlanmasına baxmayaraq, yayılıb çoxalmadı. İndiyədək xeyli hallar aşkarlanmasına baxmayaraq, ölüm halı sadəcə bir nəfərdə rast gəlinib. Bəzən insanlar suçiçəyi halını meymunçiçəyi ilə dəyişik salırlar. Əgər xaricə gedib gəlməyibsə və ya xaricə gedib gələnlə təmasda olmayıbsa, onun meymunçiçəyi olma ehtimalı yoxdur. Əgər şübhəli hal varsa, həkimə müraciət edilməlidir.”
Nəzrin Cavadzadə
Telegram kanalımız