Qusarda aqrar sahəyə həsr olunan iki festival keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” baş tutub.
“Yeni Sabah” xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd meyvəçilikdə innovativ texnologiyaların tətbiqini təşviq etmək, intensiv bağçılığın inkişaf imkanlarını nümayiş etdirmək, fermer və sahibkarları dövlət dəstəyi barədə məlumatlandırmaq, eləcə də aqrar sektorda əməkdaşlıq əlaqələrini genişləndirmək olub.
Qusar Rayon Mərkəzi Meydanında təşkil olunan festivallarda müxtəlif bölgələrdən meyvəçilik təsərrüfatlarının nümayəndələri, fermerlər, sahibkarlar və aqrar sahədə fəaliyyət göstərən şirkətlər iştirak ediblər. Toyuqlu pizza
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun kənd təsərrüfatı potensialından danışaraq, ərazinin təbii-iqlim xüsusiyyətlərinin və torpaq resurslarının meyvəçiliyin inkişafı üçün əlverişli şərait yaratdığını bildirib.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli isə 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərinə diqqət çəkib. Onun sözlərinə görə, meyvəçilik aqrar sektorun prioritet istiqamətlərindəndir və intensiv istehsalın genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi və innovativ texnologiyalardan istifadənin artırılması qarşıda duran əsas vəzifələrdəndir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın fermer və sahibkarlar arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Festivalda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 70-dən çox meyvəçilik təsərrüfatı, fermer və sahibkar iştirak edib. Tədbirdə təqdim olunan təsərrüfatların meyvə bağlarının ümumi sahəsi 10 min hektara yaxın olub.
Hazırda Azərbaycanda meyvəçilik təsərrüfatlarının ümumi sahəsi təxminən 50 min hektardır. Dövlət Proqramında bu göstəricinin 2030-cu ilə qədər 70 min hektara çatdırılması nəzərdə tutulur.
Tədbir zamanı aqrar sahədə dövlət dəstəyi, maliyyələşmə imkanları və aqrar sığorta xidmətlərinə həsr olunmuş panel müzakirəsi də keçirilib. Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Aqrar Sığorta Fondu və “Unibank”ın nümayəndələri iştirak ediblər.
Festival çərçivəsində həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi, innovativ texnologiyaların genişləndirilməsi və meyvəçilik sahəsinin inkişafı ilə bağlı məlumatlandırıcı materiallar nümayiş etdirilib.
Qeyd edək ki, “I İntensiv Meyvə Bağları Festivalı”nın keçirilməsinə “İSFA”, “METAK”, “İsmikhanlı”, “Fresh Garden” və “El-Fruits” şirkətləri dəstək verib.
Telegram kanalımız