Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi - 650” adlı tədbir-sərgi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, “Nəsimi ili” çərçivəsində təşkil olunan tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, millət vəkilləri, yazıçılar, ədəbiyyatsevərlər iştirak edib. Marqarita pizza
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bu ilin dahi şairimizin adı ilə bağlı olmasının olduqca əhəmiyyətli olduğunu vurğulayıb: “Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə keçirməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün o ənənə uğurla davam etdirilir. “Nəsimi ili” bunun əyani göstəricisidir. Bugünkü gənc nəsil Nəsimini daha yaxından tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq və gələcək nəsillər də bundan bəhrələnəcəklər”.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrildiyini deyib: “O vaxt Nəsimiyə heykəl də qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi”.
Tədbirin davamında Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, deputat Qənirə Paşayeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digərləri çıxış edərək “Nəsimi ili”nin önəmindən, böyük mütəfəkkir şairin zəngin yaradıcılıq palitrasından bəhs ediblər.
Sonra qonaqlar Milli Kitabxananın foyesində açılmış 300-dək nəşrin yer aldığı “İmadəddin Nəsimi – 650” adlı sərgi ilə tanış olublar.
Telegram kanalımız