Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu  - Könüllü olmağa hazırdırlar
06 Apr 2020 14:08
219

Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu - Könüllü olmağa hazırdırlar

Ötən günlərdə TƏBİB Azərbaycanda COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edib.

Maraqlıdır, bu çağırışa Milli Məclisin Səhiyyə komitəsinin üzvləri də qoşula bilərmi?

Yenisabah.az xəbər verir ki, məsələylə bağlı danışan danışan deputat Məlahət İbrahimqızı Səhiyyə komitəsinin həkim üzvlərinin böyük məmnuniyyətlə TƏBİB-in çağırışına hazır olduğunu bildirib:

“Bu gün bütün dünya, eləcə də Azəbaycan müharibə vəziyyətindədir. Çünki gözlə görünməyən düşmən heç bir müharibə qaydalarına əməl etmir. Təbii ki, müharibə təkcə silahla aparılmır. Bugünkü müharibə daha təhlükəlidir. Bu mənada Allah lazım etməsin, əgər ehtiyac yaranarsa, hətta elə bu gün də zəruridirsə, sizin vasitənizlə indidən bildirirəm ki, məmnuniyyətlə mən TƏBİB-in çağırışına qoşulmağa hazıram. Əlbəttə biz həm Partiyamızın sədrinin, həm seçicilərimizin 7/24 əsgəriyik. Onların da hər an əmrlərinə hazırıq.

Bir daha qeyd edirəm, müharibə təkcə silahla olmur. İndi biz bu müharibənin arxa cəbhəsindəyik. Hər bir Azırbaycan vətəndaşı da bugün öz imkanı, vəzifəsi çərçivəsində dövlətimizin mükəmməl səviyyədə koronavirusa qarşı apardığı mübarizəsinə  kömək  edir və bunu etməyə borcludur. Çünki bu müharibə  ümumxalq sağlığına qarşıdır. Bu mənada ön cəbhədə koronavirusla savaşan fədakar həkimlərimizin  yanında olmağa, onlarla birgə mübarizə aparmağa, bu virusdan yoluxmuş bacı və qardaşlarımıza bir tibb işçisi kimi kömək etməyə hər an hazıram və bunu özümün müqəddəs borcu hesab edirəm. Hesab edirəm ki, bu çağırışa mənim parlamentdə həkim həmkarlarımın hər biri məmnuniyyətlə qoşular”.

Deputat Kamilə Əliyeva TƏBİB-in çağırışına müsbət yanaşdığını deyərək, insanları birliyə çağırıb:

“Hazırda çağırılmamış qonaq koronavirus bütün dünya kimi Azərbaycanın da qapısını döyüb. Son məlumatlara əsasən çox təəssüf olsun ki, 600-ə yaxın vətəndaşımızda virus aşkarlanıb, 7 nəfər dünyasını dəyişib. Dövlətlə bərabər hər bir vətəndaşımız bu günlərdə həssas olub, karantin rejiminə əməl etməlidir. Koronavirusla mübarizədə tək həkimlər yox, Tibb Universitetinin tələbələri də aktiv iştirak edirlər. Mən bu təşəbbüsü də çox yüksək qiymətləndirirəm. Səhiyyə Komitəsinin üzvü kimi bütün tibb işçilərinə öz minnətdarlığımı bildirirəm. Mən ixtisasca bioloqam tibb üzrə təhsil almamışam. Amma ehtiyac olacağı təqdirdə mənə uyğun olan işi görəcəm. Səhiyyə komitəsinin üzvü kimi əgər mənə ehtiyac varsa, çağırışa qoşulmağa hazıram. Kimliyindən asılı olmayaraq, hər bir vətəndaş bu məqamda bir olmalı, ayağa qalxmalıdır. Necə ki, Qarabağ uğrunda döyüş olarsa, hər kəs silahlanar eləcə də, bu mübarizədə hər bir vətəndaşımız birlik göstərməlidir”. (Modern.az)

Oxşar xəbərlər