Monitor arxasında milli təəssübkeşlikdən danışanlar əslində kimdir?  - Şərh
26 Yan 2021 02:16
561

Monitor arxasında milli təəssübkeşlikdən danışanlar əslində kimdir? - Şərh

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində milli birlik, bərabərlik nümunəsi göstərdi. 30 illik erməni işğalına məhz bir yumruq kimi birləşməyimizlə son qoyuldu. Cəmiyyətimiz tarixi ədalətin bərpasına birmənalı dəstək oldu. Xalq milli ruhunu, oyanışını, düşmənə qarşı barışmaz olduğunu göstərdi. Haqlı mübarizədə xalqımızın yanında olan və tarixi reallığa dəstək verənlər çoxluq təşkil etdi. Eyni zamanda çirkin xislətini gizlətməyənlər də az olmadı.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə həm xaricdə, həm də ölkə daxilində Azərbaycanın haqlı mübarizəsinə dırnaqarası yanaşanlar vardı: “Bu günə qədər Azərbaycana, onun uğurlarına biganə qala bilməyənlər haqlı mübarizəmizdə də düşmənçiliklərini gizlətmədi. 30 illik haqsızlığa, ədalətsizliyə qarşı mübarizəyə qalxan xalqa qarşı çıxanlar da tapıldı. Sözsüz, cəmiyyət onların kimliyi haqqında kifayət qədər bilgiyə malikdir”.

Millət vəkili bu gün həm regionda, həm də beyəlxalq arenada olanlara yanaşmada fərqli münasibətlərin müşahidə edilməsinə diqqət çəkib: “ABŞ-da və digər ölkələrdə oturub Azərbaycan haqqında çirkin kampaniya aparanlar öz ətraflarındakı hadisələrə səssiz qalır. Azərbaycanda ən xırda bir hadisə onlar üçün göydəndüşmə mövzu hesab olunur. Olmayan hadisələr üzərində mülahizələr, diskussiyalar, fərziyələr qurulur. Amma real proseslərə cəsarət tapıb şərh verə bilmirlər. Çünki bu cür qüvvələr və qruplar məhz Azərbaycana qarşı kampaniya aparacaqları barədə öhdəlik götürüb. Onların məqsədi Azərbaycanda cəmiyyətlə iqtidar arasında soyuqluq yaratmaqdır. Bunun üçün antiazərbaycan qüvvələr zaman etibarı ilə müxtəlif layihələr işləyib hazırlayır. Ölkəmizlə heç bir əlaqəsi olmayan insanlar Azərbaycanla bağlı ikrah yaradan fikirlər səsləndirir”.

Deputatın fikrincə, bu gün müasir dövrün çağırışlarına uyğun dövlətçilik prinsipləri üzərində inkişaf edən Azərbaycanı həzm edə bilmirlər: “Əli Kərimov, Sevinc Osmanqızı, Cəmil Həsənli, Əli Əliyev kimi radikal, dağıdıcı düşüncədə olanlar hər zaman bu cür qüvələr üçün oyuncaqdır. Bu tiplərin əli ilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. Amma heç bir halda da uğur əldə edə bilmirlər. Çünki Azərbaycan xalqı bütün çətinliklərdən, sınaqlardan çıxıb və hansı real qüvvənin arxasınca getməyi daha dəqiq bilir”.

Cavid Osmanov Azərbaycan cəmiyyətində özünə mövqe qazanmayanların monitor arxasında milli təəssübkeşlikdən danışmasının heç bir mənəvi kriteriyalara uyğunlaşmadığını söyləyib: “Ölkəmizdə kimin hansı qütbə, nə məqsədə xidmət etdiyini cəmiyyətimiz çox gözəl bilir. Sosial şəbəkələrdə özlərini “qəhrəman” kimi qələmə verənlər reallıqda bu xalq üçün təhlükəli ünsürlərdir. Onlar ancaq almış olduqları tapşırıqlar müqabilində Azərbaycanı, hazırkı iqtidarı gözdən salmağa çalışır. Cəmiyyət üçün ən həssas mövzulara toxunmaqla özlərini “təəsübkeş” göstərməyin mənası yoxdur. Bu oyunların nə üçün oynanıldığını Azərbaycan cəmiyyəti yaxşı bilir. Ona görə, Ə.Kərimov C.Həsənli Ə.Əliyev və onların sosial şəbəkələrdəki trol dəstələrinin yaymağa çalışdıqları mənzərə heç bir effekt vermir. Xalq onun əsl dostunun kim olduğunu yaxşı bilir”.  /Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər