Başlandı. İllərdir deyilirdi ki, bir gün robotlarla insanların savaşı başlayacaq. O gün gəlib çatdı.
Amma məsələ heç də filmlərdə gördüyümüz kimi deyil. Robotlar hələ küçələrə çıxıb insanlara atəş açmır. Savaş başqa yerdə gedir – işdə, yaradıcılıqda, informasiyada, sosial şəbəkələrdə.
Süni intellekt vicdanlı insanların əlində olanda çox gözəl alətdir. İşi asanlaşdırır, insanların saatlarla görə biləcəyi işləri saniyələr içində həll edir. pizza hut
Amma vay o gündən ki, bu alətdən pis niyyətlə istifadə edəsən.
Bax elə o məqamda Sİ dost deyil, düşmənə çevrilir.
Dələduzlar, fırıldaqçılar, saxta məlumat yayanlar, insanları aldadanlar bu alətin köməyi ilə insanların başına sözün əsl mənasında oyun açır. Əvvəllər bir fırıldaq hazırlamaq üçün saatlarla vaxt lazım idisə, indi bir neçə dəqiqə kifayət edə bilər. Bir müddət sonra insan gördüyünə, eşitdiyinə, hətta öz gözünün qarşısında baş verənə belə şübhə etməyə başlayacaq.
Elə adamlar var ki, onlar Sİ-dən yalnız pislik görüb. Onları bu alətin yaxşı tərəfinin də olduğuna inandırmaq mümkün deyil.
Elə adamlar da var ki, inkişaf etməyib, ənənəçilikdə qalıblar və Sİ ortaya çıxandan sonra gördükləri işlərin bir hissəsini itirib, gəlirlərindən olublar, büdcələrinə ciddi ziyan dəyib. Onlar da Sİ-ni düşmən kimi görür.
Əslində onları da qınamaq çətindir.
Çünki texnologiyanın inkişafı həmişə kiminsə işini asanlaşdırdığı kimi, kiminsə işini də əlindən alıb.
Amma nə edək ki, insanlar iki yerə bölünür: yaxşılar və pislər...
Bəlkə də məsələ bundan bir az mürəkkəbdir.
Çünki eyni insan Sİ-dən həm yaxşı, həm də pis məqsədlə istifadə edə bilər. Bir həkim onun köməyi ilə işini sürətləndirə bilər, bir müəllim dərs hazırlaya bilər, bir jurnalist araşdırmasını asanlaşdıra bilər. Başqa biri isə həmin texnologiyadan insanları aldatmaq, manipulyasiya etmək və pul qazanmaq üçün istifadə edə bilər.
Sİ elə bir alətdir ki, ondan hər iki tip insan istifadə edə bilir.
Maraqlı tərəfi isə budur ki, ümumi olaraq “pis” adlandırdığımız tərəf yeni imkanları tez öyrənir, onların texnologiyaya uyğunlaşmaq sürəti yaxşı niyyətli adamdan daha yüksək olur.
Ona görə də dünya robotlaşanda həmin robotları kimlərin idarə edəcəyi çox önəmli olacaq.
Robot təkbaşına heç nədir. İnsan ona hər hansı komanda verməsə, 0 və 1-lərdən başqa bir şey deyil.
Deməli, əsas sual “Robotlar bizi məhv edəcəkmi?” deyil. Əsas sual budur: Robotların sükanı kimin əlindədir?
Vicdanlı insanlarınmı, yoxsa vicdansızların?
Robotu güclü edən insandır. Və buna görə də bu savaşın taleyini robotlar yox, onları idarə edən insanlar müəyyən edəcək. Yəni dolayısı ilə, bu, yenə də insanların arasında olan savaşdan başqa bir şey deyil.
Girişdə yazmışdım ki, artıq bu savaş başlayıb.
Son günlər Azərbaycanda da bir neçə tanınmış şəxs süni intellektin əleyhinə bəyanatlar verib. Onların arasında müğənnilərin, sənət adamlarının açıqlamaları daha geniş tirajlandı və gündəmə çevrildi.
Səbəb də aydındır.
Bəzi müğənnilərin mahnılarını Sİ oxuyur və həmin mahnılar sosial platformalarda daha çox populyarlaşır. Əsərin müəllifi isə kölgədə qalır. Nəticədə onun həm tanınması, həm də gəliri azalır.
Mən müğənnilərimizin bu cəsarətini alqışlayıram. Hətta onların bu bəyanatları mənə bir az ümid verir. Çünki müğənnilərimizin potensialına az-çox bələdəm...
Ona görə də hələ ümidimi üzməmişəm.
İnsan-robot savaşında birincilərin qalib gələcəyinə inanıram.
Elnur Məmmədli
Telegram kanalımız