Ölkə mediasında məhşurların vəfatı ilə bağlı xəbərlərin dəqiqləşdirilmədən yayımlanması cəmiyyətdə böyük səs-küyə səbəb olur. Bu kimi hallar medianın fəaliyyətinə və insanlar arasında olan nüfuzuna ciddi xələl gətirir.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən professor, Əməkdar jurnalist Qulu Məhərrəmli bu kimi xəbərləri yayımlamadan öncə hansı məqamlara diqqət etmək lazım olduğunu sadalayıb:
“Belə məsələlərdə peşəkarlıq, ciddilik və mənbələrlə işləmək kimi məqamlar əsas rol oynayır. Bunlara əməl etməsək, əlbəttə ki, ölkə mediası gözdən düşəcək. Hər hansı bir xəbər ictimaiyyətə təqdim olunursa, ilk növbədə, onun mötəbər mənbəyi olmalıdır. Xüsusən, ciddi və rəsmi üslubda olan, cəmiyyətdə əks-səda doğura biləcək xəbərlərdə bu qaydaya əməl olunmalıdır. Bir mənbədən məlumat alınırsa, mütləq o faktı digər mənbədən dəqiqləşdirmək lazımdır. Məsələn, sözügedən xəbər ölüm və ya qəza hadisəsi ilə bağlıdırsa, aidiyyatı qurumlardan bunu soruşmaq doğru olar. Dəqiqləşdirmək mümkün görünmürsə, bu məlumatı heç bir halda yaymaq olmaz. Yox, əgər bir-birindən asılı olmayan iki mənbə eyni məlumatı təsdiq edirsə, həmin xəbəri vermək problem deyil. Ancaq iki mənbədən biri onu təsdiq edib, digəri isə inkar edirsə, hər iki məlumatı ayrılıqda vermək də doğru hal sayılmır. Bu peşəkar yanaşma deyil. Əlbəttə, sözügedən məsələdə ən çox media zərər çəkir. Doğrudur, sosial mediada belə paylaşımlar edilir. Ancaq paylaşılmasa daha yaxşıdır. Çünki ölüm xəbəri adi bir məlumat deyil. Ona görə də bu tipli məlumatların doğru yaxud yalnış olduğunu müəyyənləşdirmədən sosial mediaya etimad edərək, onu yaymaq olmaz”. pizza sifarişi
Ekspert bildirir ki, sosial şəbəkələr media üçün mötəbər mənbə sayıla bilməz:
“Hazırda xəbər sistemi məlumatları insanlara operativ şəkildə və dəqiqləşdirmədən təqdim etməkdən ibarətdir. Hər hansısa media qurumu, yaxud xəbər saytı məlumat yayır. Yarım saat sonra məlum olur ki, belə bir hadisə olmayıb. Digər bir sistemə əməl edənlər isə isə xəbəri verməyə tələsmir, öncə onu dəqiqləşdirməyə çalışırlar. İkinci qaydaya əməl etdikdən sonra özümüzə əmin bir şəkildə məlumatı təqdim edə bilirik. Onu da yaddan çıxarmaq olmaz ki, sosial şəbəkələr media üçün mötəbər mənbə hesab oluna bilməz. Mütləq şəkildə sosial mediadan əldə edilən nə isə aidiyyatı qurumlardan, yaxud adı çəkilən şəxsə yaxın adamlardan məlumat dəqiqləşdirilib, sonra yayımlanmalıdır”.
Aytac Şahin
Telegram kanalımız