“Ölüm faktına görə ona bəraət verdik” - Keçmiş hakimlə şok müsahibə -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Ölüm faktına görə ona bəraət verdik” - Keçmiş hakimlə şok müsahibə - VİDEO

Hadisə

05 May 2026 16:23 159


“Görürsən ki, sosial şəbəkələrdə filan vəzifəli şəxsin başına nəsə iş gəldiyi barədə məlumatlar paylaşılıb. Bəzi insanların yazdıqları şərhlərinə baxanda isə dəhşətə gəlirsən. Elə bil ki, bu vəzifəli şəxslər bunlar üçün xalq düşmənidir. Başlayırlar artıq-əskik sözlər yazmağa. Fikirləşirsən ki, biz necə bir cəmiyyətdə yaşayırıq? Biz də azərbaycanlıyıq, biz də eyni vətəndaşıq”.

“Yeni Sabah” xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Azad Məcidov “Kazusmedia” “YouTube” platformasına müsahibəsində deyib.

Müsahibə zamanı 43 illik zəngin iş təcrübəsinə malik olan Azad Məcidov istintaq orqanlarında çalışdığı dövrlərdən başlayaraq hakimlik və vəkillik fəaliyyəti illərinə qədər keçdiyi peşə yolundan bəhs edib. O, hüquqi fəaliyyətində qarşılaşdığı çətin və məsuliyyətli işlərdən, həm hüquqi, həm də mənəvi baxımdan ağır qərarların qəbul edilməsindən, bəraət hökmünün çıxarılmasından, eləcə də ədalət mühakiməsinin mahiyyəti ilə bağlı düşüncələrini bölüşüb.

Qonaq bildirib ki, istintaq orqanlarında işlədiyi dövrdə beynəlxalq əhəmiyyətli işlərin aparılmasında iştirak edib, hakimlik fəaliyyəti zamanı isə xüsusilə mürəkkəb cinayət işlərinə baxıb. O, yetkinlik yaşına çatmayanlarla bağlı işlərin həm hüquqi, həm də psixoloji baxımdan daha ağır olduğunu vurğulayaraq, bu kateqoriyadan olan işlərdə qərar qəbul etməyin yüksək məsuliyyət tələb etdiyini qeyd edib.

Veriliş boyu Azad Məcidova hakimlik təcrübəsinin vəkillik fəaliyyətinə verdiyi üstünlüklər, hakim-vəkil münasibətlərinin etik çərçivəsi, cəmiyyətin hüquqi maarifləndirilməsi və hüquq sistemində peşəkarlığın artırılması kimi mövzular ətrafında suallar ünvanlanıb. O, bu sualları cavablandırarkən vurğulayıb ki, vəkil peşəsində uğur qazanmaq üçün davamlı öz üzərində işləmək, iş materiallarını dərindən öyrənmək və praktiki bilikləri daim inkişaf etdirmək vacibdir.

Həmçinin Azad Məcidov vəkil olmaq istəyən gənclərə tövsiyələrini çatdırıb, inkişaf perspektivləri barədə fikirlərini bölüşüb:

“Ən əsası vəkil öz üzərində çalışmalıdır. Çıxdıqları cinayət işlərinin materialları ilə yaxından tanış olsunlar. Vəkili qınamaq lazım deyil. Çünki onların o qədər işləri olur ki, çatdırmaqda çətinlik çəkirlər. Məsələn, işlərin biri Qaradağ rayonunda, digəri Xəzər rayonunda olur və vaxt fərqi çox az olur. Vəkillər vaxtlarının böyük hissəsini yollarda keçirirlər”.

Hakim və vəkil arasında münasibətlərə toxunan Azad Məcidov vurğulayıb ki, bu, yalnız qanun çərçivəsində və peşəkar etik normalara uyğun qurulmalıdır. Onun sözlərinə görə, hakimlər həm ittiham, həm də müdafiə tərəfi ilə qeyri-prosessual münasibətlərdən çəkinməlidirlər:

“Biz hamımız hüquq təhsili almışıq. Həmin şəxslər arasında dostlarımız, tələbə yoldaşlarımız var. Lakin hakimlə vəkilin münasibətləri yalnız qarşılıqlı hörmət və peşəkar çərçivədə qurulmalıdır”.

Eyni zamanda Azad Məcidov hakimlərin sosial təminatı və əmək haqları ilə bağlı məsələlərə də toxunub. O, hakimlik fəaliyyətinə görə pensiya məsələsində üzləşdiyi hüquqi mübahisədən də bəhs edib və hazırda bu məsələ ilə bağlı məhkəmə araşdırmasının davam etdiyini bildirib.

Ətraflı videoda


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!