Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü
07 Apr 2021 21:55
400

Ombudsman Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü

Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanla görüş keçirib. 

Yenisabah.az xəbər verir ki, Ombudsman Səbinə Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun 13.2.8-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək səlahiyyəti barədə məlumat verib. Fəaliyyət dövrü ərzində Ombudsman tərəfindən müxtəlif normativ aktlarla bağlı Konstitusiya Məhkəməsinə sorğular göndərildiyi diqqətə çatdırılıb.

Ombudsman Səbinə Əliyeva təsisata daxil olan müraciətlərin qəbulu və baxılması proseduru haqqında məlumat verib, ötən il Ombudsmana 27.500 müraciət edildiyini bildirib. Görüşdə Ombudsman Səbinə Əliyeva təsisatın dörd regional mərkəzinin fəaliyyət göstərdiyi barədə də məlumat verib.

Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsinin hazırda ölkəmiz üçün yaratdığı təhlükə ilə bağlı narahatlığı da diqqətə çatdırıb.

Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan çıxışında 44 günlük müharibədə qazanılmış Zəfərlə münasibətilə qardaş ölkəyə öz təbriklərini çatdırıb. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bir çox sahələri əhatə edən əməkdaşlıqda insan hüquq və azadlıqlarının müdafiə edilməsinin xüsusi önəmə malik olduğunu qeyd edib. 

Görüşdə iştirak edən Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycana son səfəri zamanı ölkə Prezidenti İlham Əliyevin onu qəbul etməsi, Gəncədə həyata keçirdiyi faktaraşdırıcı missiya barədə məlumat verib. Şərəf Malkoç həmin səfərin yekunları əsasında türk və ingilis dillərində hazırlanmış hesabatı Zühtü Arslana təqdim edib, hesabatın Türkiyədəki 114 səfirlik və diplomatik missiyaya, habelə  ümumilikdə 167 ombudsman və milli insan hüquqları təsisatı, beynəlxalq insan hüquqları təşkilatı və digər qurumlara göndərildiyini qeyd edib.

Yekunda gələcəkdə insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə təcrübə mübadiləsi aparılması haqqında müzakirə aparılıb və tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər