İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçirilib.
Yenisabah.az xəbər verir ki, MPQ-nın üzvləri tərəfindən həmin müəssisədə saxlanılan bir çox şəxslər, o cümlədən Azərbaycan ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib.
Onların müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları da təqdim edilib.
MPQ-nın ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində onların saxlanma şəraiti – kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.
Qəbul edilmiş şəxslər saxlama şəraiti, rəftarla bağlı sikayətlərinin olmadığını, telefon əlaqələri, yazışmalar, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olduğunu bildiriblər.
Telegram kanalımız